Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması məsələsinə aydınlıq gətirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq.
O qeyd edib ki, bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur:
“Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər”.