Azərbaycan fond bazarının əsas drayveri yenidən bazara qayıdır

Azərbaycanda fond bazarının əsas drayveri Maliyyə Nazirliyi bu il də 9 aylıq fasilədən sonra fond bazarında borclanmaya başlayır. Nazirlik ötən il də dövlət istiqrazlarının emissiyasında üç rüblük fasilə vermişdi.

Banker.az xəbər verir ki, 2025-ci ilin dekabrından sonra ilk dəfə dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Sentyabrın 1-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 200 milyon manatlıq kuponlu, ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Sifarişlər saat 10:00-dan 11:00-dək qəbul ediləcək.

İstiqrazların tədavül müddəti 3 il və ya 1080 günü əhatə edir. İllik kupon dərəcəsi 7% müəyyən edilib. Faiz ödənişləri ildə iki dəfə – mart və sentyabr aylarında həyata keçiriləcək, əsas məbləğ isə 1 sentyabr 2029-cu ildə ödəniləcək. İstiqrazların nominal dəyəri 100 manatdır. Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Sonuncu dəfə Maliyyə Nazirliyi dövlət istiqrazlarını 2025-ci ilin dekabrında bazara çıxarıb. Dekabrın 18-də keçirilmiş həmin hərracda 50 milyon manatlıq, 720 günlük və illik 6,5%-lik istiqrazlar təklif olunmuşdu.

Eyni zamanda, təklif olunan emissiyanın həcmi dekabr hərracındakı 50 milyon manatdan 200 milyon manatadək artırılır.

Nazir dəyişikliyindən sonra borclanma yanaşması dəyişib

Dövlət istiqrazları üzrə emissiya siyasətindəki dəyişiklik Maliyyə Nazirliyində rəhbər dəyişikliyindən sonrakı dövr fonunda diqqət çəkir.

Samir Şərifov 10 yanvar 2025-ci ildə maliyyə naziri vəzifəsindən azad edilib və onun yerinə Sahil Babayev 6 fevral 2025-ci ildə maliyyə naziri təyin olunub.

Babayevin rəhbərliyi dövründə dövlət istiqrazları bazarında əvvəlki dövrlərlə müqayisədə daha seyrək emissiyalarla yanaşı, borclanmanın müddətinin uzadılması istiqamətində addımlar da atılıb. Belə ki, 2026-cı ilin mayında Maliyyə Nazirliyi ilk dəfə 10 illik dövlət istiqrazını bazara çıxarıb. 200 milyon manatlıq həmin istiqrazların kupon dərəcəsi 7% olub və hərracda tələb 265,3 milyon manata çatıb.

Maliyyə naziri Sahil Babayev də açıqlamalarından birində dövlət istiqrazları ilə borclanma zamanı onların orta ödəmə müddətinin artdığını bildirib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə əsasən 1, 2 və 3 illik istiqrazlar buraxıldığı halda, sonrakı mərhələdə 5, 7 və 10 illik istiqrazlar da bazara təqdim edilib. Nazir isə bununla istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaratdığını demişdi.

Bu yanaşma dövlət borcunun daha uzun müddətə yayılmasına və qısamüddətli refinansman riskinin azaldılmasına imkan verir. Dövlət istiqrazlarının emissiyası eyni zamanda daxili borc bazarı üçün əsas istinad gəlirliliklərini formalaşdırır və banklar, investisiya şirkətləri, sığortaçılar və digər investorlar üçün nisbətən aşağı riskli manat investisiya aləti yaradır.

Nazirlik bazarda öncəki illərdən fərqli olaraq beş ən iri banka depozitlər qoymağa başlayıb.

BAZARDA TƏSİRİ…

Azərbaycanda bankların qiymətli kağızlar üzrə portfelinin son bir ildə azalması yeni emissiyanın bankların qiymətli kağızlara yatırımlarının azaldığı dövrə təsadüf etdiyini göstərir.

Banker.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycan banklarının qiymətli kağızlara yatırımları 2026-cı il iyulun 31-nə 7,95 milyard manat təşkil edib. Bu, 2025-ci ilin eyni tarixi ilə müqayisədə 1,24 milyard manat və ya 13,5% azdır.

Ötən ilin iyulun sonunda bankların qiymətli kağızlar üzrə aktivləri 9,19 milyard manat olub. Bir il ərzində portfelin xarici valyuta hissəsi də 4,06 milyard manatdan 3,63 milyard manatadək, yaxud 10,6% azalıb.

Bankların qiymətli kağızlar üzrə əldə etdiyi faiz gəlirlər də aşağı düşüb. 2026-cı ilin iyulunun sonuna bu istiqamətdə mənfəət 271,4 milyon manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 326,3 milyon manatla müqayisədə 54,9 milyon manat və ya 16,8% azdır.

Yeni 200 milyon manatlıq dövlət istiqrazının bazara çıxarılması bu baxımdan bankların və digər institusional investorların manatla uzunmüddətli və nisbətən aşağı riskli aktivlərə tələbinin necə dəyişdiyini də göstərmək baxımından əhəmiyyətli olacaq.

Hərracda qeyri-rəqabətli sifarişlərin ümumi emissiyanın 20%-ni keçməmək şərtilə qəbul edilməsinə icazə verilir. Sifarişlərin həcmi təklif olunan istiqrazların 20%-indən aşağı olarsa, emitent onları qəbul etməyə bilər. Tələb təklifi üstələyər və qiymət emitenti qane edərsə, təklif olunan istiqrazların həcmi 100%-dək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər