10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa edir

Ermənistanın silahlandırılması sülhün qarşısının alınmasına hesablanıb.

2023-cü ilin sentyabr ayında Qarabağda erməni separatizminə son qoyulmasından sonra isə Fransanın siyasi dairələri Azərbaycana qarşı yeni siyasi-diplomatik savaş açıblar. Və bu gün sülh üçün yeni imkanlar yarandığı bir şəraitdə Fransa bunun qarşısını almaq üçün müxtəlif siyasi-hərbi avantüralara əl atmaqdadır. Azərbaycana qarşı qərəzli iddialarını davam etdirən, xəstə erməni təfəkkürünün qatı müdafiəçisi rolunda çıxış edən Fransa Azərbycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın beynəlxalq hüququn norma və prinsiplərini görməzdən gəlməsi üçün bütün imkanlarını səfərbər edir.

Fransa tərəfindən heç bir zərurət olmadan Ermənistanın silahlandırılması da sülh müqaviləsinin qarşısının alınmasına hesablanıb. Məlum olduğu kimi, 2023-cü ilin noyabr ayında kütləvi-informasiya vasitələrində və sosial şəbəkələrdə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı məlumatlar yayıldı. Bununla bağlı Fransa senatının büdcəni mühafizə şöbəsinin hesabatında deyilir ki, Ermənistana ümumilikdə 50 “Bastion” zirehli texnikası tədarük ediləcək. Artıq onlardan 24-ü göndərilib, daha 26-sı isə göndəriləcək.

Xatırladım ki, 2023-cü il oktyabr ayının sonunda Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu Parisdə keçirilən görüşdə hərbi əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən İrəvanın müdafiə sistemləri alması barədə razılığa gəliblər. Razılaşmaya görə, Fransa Ermənistana hava hücumundən müdafiə ilə bağlı  radarlar və 3 raket kompleksi satmalıdır. Lakin bundan əvvəl Fransa Ermənistana “Bastion” zirehli texnikalarını göndərməyə qərar verib.

Əlbəttə ki, bu məsələ ilk növbədə sülh prosesini əngəlləməklə, regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. «Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir», – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilir.

8 nəfərlik «Bastion» zirehli avtomobili Afrikanın iqlim şəraitinə uyğun olaraq, məhz bu qitədə və Yaxın Şərqdə olan Fransa silahlı qüvvələrinin bölmələrinin istifadəsi üçün hazırlanıb. Fransa isə hazırda Afrikadan qovulur. Məlum olduğu kimi, son aylarda Fransa bəzi Afrika ölkələrindəki hərbi qüvvələrini çıxarmaq məcburiyyətində qalıb. Çox güman ki,  indi həmin ölkələrdəki istifadə olunmuş «Bastion» zirehli avtomobillərini Fransa Ermənistana göndərir. Başqa cür desək, «böyük bacı» qoymağa yer tapmadığı və istismar müddəti bitmiş bu texnikaları Ermənistana göndərməklə həm də başından edir. Bütün konstruksiyaları və texniki parametrləri, xüsusilə isti havaların hakim olduğu Afrikanın iqlim şəraitinə uyğun olan bu texnikaların ərazisi əsasən dağlıq və dağətəyi zonalardan olan Ermənistanda özünü doğrultmayacağı isə indidən aydındır.

Bu texnikaların əvvəlcə Ukraynaya göndərilməsi gözlənilirdi. Lakin texniki xüsusiyyətlərinin qeyri-effektiv olmasına görə Ukrayna onlardan imtina etmişdir.

Fransa özünü dünyada demokratik ölkə kimi göstərməyə çalışsa da, Ermənistanı silahlandırması, regiondakı sülh pozuculuğu kimi əməlləri ilə hələ də müstəmləkəçilik baxışlarına sadiq qaldığını sübut edir. İndiki məqamda isə Afrikadan qovulan Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Lakin bundan itirən yalnız Ermənistan olacaq. Çünki Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək, qarşısına qoyduğu milli məqsədinə çatmışdır.

Ümumiyyətlə, ötən üç il müddətində Makron hakimiyyətinin bölgə ilə bağlı cızdığı riyakarlıq trayektoriyası təxminən belə olub: ölkəmizə qərəzli münasibətindən utanmayaraq, Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar aparılan danışıqlarda Ermənistanın maraqlarını güdən tərəf kimi iştirak etmək istəyib, bu niyyəti baş tutmadıqda riyakarlıq edib. Qoca qitənin məkr dağarcığı olan Fransa gah Avropa İttifaqı missiyası çərçivəsində öz agentlərini sərhədimizə yığaraq binokldan Azərbaycanı müşahidə edib, gah Laçın yolu ətrafında şoular yaradıb, ölkəmizə qarşı informasiya kampaniyası başladıb, gah da Avropa Parlamenti kimi riyakar Qərb təşkilatlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edib, onlara qərəzli qətnamələr qəbul etdirib.

Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi və birbaşa Fransadan maliyyələşən separatçıların əl-qolunu qandallaması isə Parisə tərs şillə oldu.

Hazırda Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharibəyə zəmin yaratmaq üçün dəridən, qabıqdan çıxır, yenidən bölgədə savaş olmasını istəyir.  Fransanın bu hərəkətləri artıq regionun digər ölkələrində də ikrah doğurur. Rusiya  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Qərbin və Fransanın məqsədi Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir: “Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər. Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub”.

Onu da qeyd edim ki,  Fransa dairələrinin ölkəmizə qarşı siyasi-diplomatik hücümlarının, qərəz və böhtan kampaniyalarının qarşısını alan Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasəti, güclü Azərbaycan dövlətidir. Hansı ki, bu siyasət indi Fransanın əsrlər boyu yürütdüyü müstəmləkəçilik siyasətinin acı nəticələrini bütün dünyada sürətlə ifşa edir.

Məlumdur ki, Fransa əsrlər boyu Afrika, Asiya, Amerika və Okeaniyada müxtəlif xalqlara, milyonlarla insana qarşı soyqırımı cinayətləri törədib, onların azadlıqlarını əllərindən alıb, dövlətçiliklərini məhv edib.

Fransanın əsrlər boyu həyata keçirdiyi müstəmləkəçilik siyasətinin nəticələri sadəcə heyrət doğurur. Məsələn, Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.

Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.

Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarında yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Məsələn, Qvadelupa dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır.

Fransanın müstəmləkəsi olan Martinikanın təbii sərvətləri talan olunur, əhalisi əsarət altında saxlanılır.

Fransız  Qvianası Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salınıb, qızıl mədənləri talan edilir, qızılı çıxarılaraq Fransaya daşınır.

Korsika adasında müstəqillik istəyənlər Fransa tərəfindən ya həbs edilir, ya da öldürülürlər. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu onlara yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə  Fransanın müəyyən etdiyi adamlar gəlir.

26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.

Ziyad Səmədzadə,

akademik

Son xəbərlər
Digər xəbərlər