Gələn il bütün iqtisadi siyasətin başlıca vəzifəsi Azərbaycanda inflyasiyanı məqbul, hədəf trayektoriyasına qaytarmaqdır.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, buna uyğun qəbul olunacaq bütün yerli və digər qərarlar bu trayektoriyanı nəzərə almaqla qəbul edilsə, düzgün olacaq.
“Ərzaq inflyasiyasına diqqət artırılmalıdır. Biz keçici faktorlardan danışırıq, lakin beynəlxalq ekspertlər və Mərkəzi Bankın fikri bundan ibarətdir ki, ərzaq inflyasiyası daha uzun və daha permanent xarakter daşıya bilər. Bunun əsas səbəbləri qlobal tələbin yüksək olması, iqlim dəyişiklikləri, bir sıra inkişaf etməkdə olan ölkələrdə, Çin, Hindistan kimi ölkələrdə tələbin həddin artıq böyüməsi və digər amillər daxildir”, – AMB sədri qeyd edib.
Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında ortaillik inflyasiya 5,7% təşkil edib. Ortaillik ərzaq inflyasiyası isə 6,7% təşkil edib. Təkcə oktyabrda illik inflyasiya 10%, ərzaq inflyasiyası isə 13,1%-ə bərabər olub.
Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.
Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.