Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “AG Microelectronics” Azərbaycan–Gürcüstan birgə müəssisəsi yaxın vaxtlarda yeni məhsulların istehsalına başlayacaq. Bu məhsullar yerli bazarla yanaşı MDB və Avropa bazarlarına da çıxarılacaq.
Bu sözləri müsahibəsində müəssisənin maliyyə direktoru İosif Mazmişvili söyləyib.
O bildirib ki, birgə müəssisə 2013-cü ildə yaradılıb. Hazırda müəssisədə LED lampaları, LED Televizorlar, “TV Box” və rəqəmsal texnologiyalar üçün ehtiyat hissələri, dekorativ lampalar, eləcə də köhnə lampalardan dəfələrlə qənaətli, 100 Vt-lıq lampalar qədər işıqlandırma gücünə malik yeni 7 və 9 Vt-lıq elektrik lampaları istehsal olunur. Bu lampaların tərkibində həm də insan sağlamlığına ziyan vuran civə və digər kimyəvi maddələr yoxdur.
Müəssisədə istehsal olunan televizorlar üçün Koreya Respublıkası və digər ölkələrdən ekran və digər avadanlıq gətirilir. Bu televizorların qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Hazır məhsullar əsasən Gürcüstanda, az bir hissəsi isə Azərbaycanda satılır.
Yaxın vaxtlarda müəssisədə planşetlərin, notebook və mobil telefonların istehsalına başlanılacaq. Artıq həmin məhsulların sınaq istehsalı həyata keçirilib. Bu məhsulların Azərbaycanda da satışı nəzərdə tutulub.
Müəssisənin məhsullarına MDB ölkələrində də maraq var. Müəssisə rəhbərliyi, eyni zamanda, məhsullarını Avropa bazarlarına çıxarılması istiqamətində də danışıqlar aparır.
İ.Mazmişvili deyib ki, Gürcüstan ilə Avropa İttifaqı arasında əldə olunmuş razılığa əsasən Gürcüstandan Avropaya satılacaq məhsullar üçün gömrük rüsumu ödənilməyəcək: “Bu da, bizim Avropa bazarlarına çıxışımızı xeyli asanlaşdırır. Biz artıq bu istiqamətdə danışıqlar aparırıq və düşünürəm ki, yaxın vaxtlarda məhsullarımızı Avropada da sata biləcəyik”.
“Bu, həm də müəssisəsinin yeni məhsullar istehsal etməsinə, fəaliyyətini genişləndirməsinə imkan yaradacaq”, – deyə, maliyyə direktoru vurğulayıb.