Azərbaycan 2024-cü ildə daxildə siqaretin istehsalının güclənməsi ilə xaricə ixracı daha da yüksəldib.
Banker.az xəbər verir ki, keçən il Azərbaycan xaricə 106 milyon qutu və ya 33.6 milyon ABŞ dolları həcmində siqaret satıb. Siqaretin ixrac həcmi illik müqayisədə 88 faiz, ümumi dəyəri isə 135 faiz artıb.
Ölkədə əsas istehsalçı və ixracatçı “Tabaterra” QSC keçənilki fürsətdən yararlanaraq 35 mln. dollar valyuta gəliri əldə edib. Bu, 2023-cü ildə cəmi 7.7 mln. dollar təşkil edirdi.
2023-cü ildə Rusiya Azərbaycan siqaretinin əsas alıcısı olsa da, 2024-cü ildə bu statusu itirmiş olub. Onu Gürcüstan əvəz edib. Gürcüstan keçən il Azərbaycandan ümumi həcmi 90 milyon qutu siqaret ixracı üçün 30.7 milyon dollar valyuta ödəyib. Beləliklə, Gürcüstana siqaret ixracı miqdar və dəyərlə müvafiq olaraq 261 faiz və 296 faiz artıb.
Siqaretin ixracındakı artımla bərabər, qiymətlər də 2023-cü ildən daha baha olub. 2023-cü ildə siqaretin 20 ədədi və ya 1 qutusu xaricə 25 sentə satılırdısa, 2024-cü ildə qiymətlər 31 sentə qədər bahalaşıb. Lakin əsas alıcı Gürcüstana satış qiymətləri daha az fərqlə artırılıb. Bu ölkəyə 1 qutu siqaret öncəki ildə 31 sentə, 2024-cü ildə isə 34 sentə, yəni 3 sent baha satılıb. Nəticədə, bahalaşma Azərbaycana Gürcüstandan əlavə 2.7 mln. dollar gəlir gətirib.
2019-cu ilə qədər ixrac-idxal balansında bu məhsul üzrə mənfi saldo mövcud idi və daxildə istehsalın artması ilə müsbət saldoya çevrilib.
Azərbaycanda siqaret istehsalının həcmi ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 10 ayında ölkədə tütün istehsalı 84 faiz artaraq 426 tona çatdığı halda, siqaret hazır şəkildə 87 faiz artımla 803 mln. qutunu keçib. Ölkənin əsas siqaret istehsalçısı isə “Tabaterra” QSC-dir.
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin cari ilin yayında bildirdiyinə görə, keçən il Azərbaycanda siqaret istehlakının 98%-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib.