12 C
Baku
Monday, February 16, 2026

Azərbaycan hotellərinin gəlirləri və mənfəəti 2025-ci ildə azalıb

2025-ci ildə Azərbaycanda hotel və mehmanxana tipli obyektlərin ümumi gəlirləri 653 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 41.1 mln. manat və ya 5.92% azdır. 2024-cü ildə sektor üzrə ümumi gəlir 694.2 mln. manat olmuşdu.

Gəlirlərin azalması əsasən nömrələrin satışından daxilolmaların azalması ilə bağlıdır. Hotellər 2024-cü il ümumilikdə 2.64 mln. şəxsə xidmət göstərdiyi halda, 2025-ci ildə bu rəqəm 2.38 mln.-a düşüb. Bunun 1.58 mln. nəfəri xarici vətəndaşlar olub.

Belə ki, nömrə satışından gəlirlər illik müqayisədə 11.17% azalaraq 454.5 mln. manatdan 403.8 mln. manata düşüb. Eyni zamanda, iaşə xidmətlərindən gəlirlər 4.33% artaraq 170.1 mln. manatdan 177.4 mln. manata yüksəlib. Müalicə-sağlamlıq xidmətlərindən gəlirlər 6.07%, digər xidmətlərdən daxilolmalar isə 3.73% artıb. Konfrans zallarının təqdim edilməsindən əldə olunan gəlir 3.75% azalıb, ekskursiya xidmətlərindən gəlirlər isə 15.78% geriləyib.

2025-ci ildə hotellərin məhsul və xidmət istehsalına çəkdikləri ümumi xərclər 535.1 mln. manat olub ki, bu da illik müqayisədə 24.6 mln. manat və ya 4.83% çoxdur. 2024-cü ildə ümumi xərclər 510.4 mln. manat təşkil etmişdi. Xərclərin artımında əmək haqqı xərclərinin 7.18%, yanacaq və enerji xərclərinin 30.75%, reklam xərclərinin isə 40.81% artması əsas rol oynayıb. Büdcəyə ödənilən vergilər 17.92% artıb. Bununla yanaşı, icarə xərcləri 11.88%, digər xərclər isə 5.46% azalıb.

Nəticədə sektorun mənfəəti 2024-cü ildəki 183.7 mln. manatdan 2025-ci ildə 118 mln. manata düşüb. Bu isə illik müqayisədə 35.79% azalma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər