“Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində “AzərEnerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni generasiya mənbəyi yaradılacaq”.
Bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin “Azərbaycan” qəzetində qəzetində dərc edilən “İşğaldan azad edilən bütün ərazilərdə Azərbaycan işığı yanır” adlı məqaləsində deyilir.
Onun sözlərinə görə, “Azərbaycan” İES-in mövcud 7-ci və 8-ci enerji bloklarının 30 il müddətinə zəmanətli əsaslarla təmir edilən buxar turbinləri ilə 1280 meqavatlıq yeni stansiyanın əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək:
“Bu da 1 kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın 335 qramdan 225 qrama endirilməklə və hər kilovat-saatda 110 qram şərti yanacağı azaltmaqla ildə 800 milyon kub qaza qənaət olunmasına gətirib çıxaracaq.
Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda yüksək effektivliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 milyard kilovat saat təşkil edəcək”.