İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 75-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.
Bu fikirlər AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Ziyad Səmədzadənin “Azərbaycan İkinci Dünya müharibəsi illərində” sərlövhəli məqaləsində yer alıb. Akademik müharibə dövrünə təsadüf edən uşaqlıq illərinin xatirələrini bölüşür, Azərbaycanın faşizm üzərindəki Qələbədəki önəmli rolundan, ölkəmizdə müharibə veteranlarına göstərilən böyük diqqət və qayğıdan söhbət açır.
Azərbaycanlıların şücaəti əsl vətənpərvərlik nümunəsidir
Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Amma bu qələbə Azərbaycan xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz, oğul və qızları bunun üçün canlarından-qanlarından keçdilər. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz faşizm üzərində Qələbənin 75 illiyində Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.
Eyni zamanda, 75 ildən çoxdur ki, Qələbə günü Böyük Vətən müharibəsi cəbhələrində ölüm-dirim savaşından zəfərlə qalib çıxmış döyüşçülər nəslini qırılmaz tellərlə indiki nəslə bağlayır. İllər su kimi axır. Ötüb keçən illər qəlbimizin dərinliklərində minnətdarlıq, məhəbbət dolu sözlərlə qalaq-qalaq kitablara köçürülsə də, bizim nəsillər bəşər tarixinin ən qanlı, ən dəhşətli müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları qarşısında daim borclu qalacaq.
Mən müharibənin dəhşətlərini yaşamış nəslə mənsubam. İndi bizi yaşlı nəsil adlandırırlar. Müharibə yer üzünün bütün uşaqlarına məxsus olan o gözəl, qayğısız, şirin məsum illəri, o illərin dadını, xoşbəxtliyini bizim nəslin əlindən aldı. Bu itkinin acısı bütün uşaqlıq xatirələrinin tən ortasından gəlib keçir. Ağrısı, göynərtisi hələ də qalır. Bundan sonra da qalacaq. Həmin xatirələrdə ailəmizin, qonşularımızın, elə özümüzün də qeyri-ixtiyari qorxu, həyəcanla dolu həyatı var idi.
Müharibə uşaqları tez böyüyür. Uşaq olsam da, o vaxtları, Qafqaz dağlarının o üzündə qana susamış düşmənlə gedən şiddətli, amansız döyüşləri, böyüklər kimi, aydın və dəqiq təsəvvür edirdim. Təpədən-dırnağa qədər silahlanmış düşmən qarşısında bizim qoşunlar necə dayanacaqlar, geri çəkilməyəcəklər ki?! Bu sualların həyəcanı, nigaranlığı ilə cəbhədən gələn xəbərləri gözləyirdik. Axı, hər birimizin həyatı bundan asılı idi!
Vətənpərvərlik anlayışının yüksək mənasını, məhz o vaxtları da qonşularımıza, qohumlarımıza, dostlarıma baxaraq, tam aydınlığı ilə başa düşdüm. Onlardan heç biri məğlubiyyət sözünü ağlına belə gətirməzdi. Düşməndən azacıq aman gözləyən də yox idi. Qandan-qadadan başqa. Müharibənin dəhşətlərini tam təsəvvürə gətirə bilməyən biz uşaqlar onu bütün çətinlikləri, xüsusən gətirdiyi aclığa görə lənətləyirdik.
Atam Bakı yod-brom zavodunda işləyirdi. O, heç vaxt evdə öz işindən danışmazdı. Ancaq görürdüm ki, o, səhər-səhər işə səliqə ilə ütülənmiş köynəyin altından ağappaq toxunma mayka geyinib gedir, axşam evə qayıdanda isə atamın maykası qonur rəngdə olurdu. Sonralar bildim ki, yodun buxarlanması səbəbindən mayka həmin rəngi alırmış. İndi başa düşürəm ki, həmin şəraitdə işləmək elə özü əsl qəhrəmanlıq imiş. Hər bir azərbaycanlı, təkcə cəbhədə deyil, arxada, öz iş yerində qəhrəman imiş.
Balalarının əziyyət çəkdiyini görən anam bizə toxtaqlıq verər, deyərdi:
– Bax, dava qurtarsın, hər şey qaydasına düşəcək, çətin günün ömrü az olar.
Onda hamı bir arzuyla, bir diləklə yaşayırdı. Dava tezliklə, özü də mütləq bizim qələbəmizlə bitsin.
Nəhayət müharibə qurtardı. Çoxdan gözlədiyimiz o Qələbə günü gəlib çatdı!
75 ildir ki, döyüş meydanlarında həlak olan həmvətənlərimizin xatirələrini əziz tutaraq, bu gün yaşı 90-ı ötmüş, 100-ü haqlamış veteranlarımıza cansağlığı arzulayaraq Qələbəni bayram edirik.
Heydər Əliyev Qələbəni bizə qaytardı
Müstəqilliyimizin ilkin vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat qaragüruhu Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı bu qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Müharibə veteranlarını gözdən salan həmin qaragüruhçu dairələr, onların ölkənin ictimai həyatında iştirakına əngəllər yaradır, Qələbə gününə və veteranların sinəsini bəzəyən medallara ironiya ilə baxırdılar. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan riyakar təbliğat, Böyük qəhrəmanlığın üstündən vicdansızcasına xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və Böyük Vətən müharibəsi veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi ögey münasibəti də birdəfəlik aradan qaldırdı. Ulu Öndər faşizm üzərindəki Qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönəlik siyasətin cinayət olduğunu bildirərək deyirdi: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.
Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra, 1994-cü ildən başlayaraq 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaramaq enerjisini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması nəticəsində müharibə veteranlarına mənzillərin, avtomobillərin verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.
İlham Əliyev: Biz veteranlarımızla yalnız fəxr edə bilərik
Ulu Öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. May ayında Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalına müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”. Xatırladım ki, bu jurnal Rusiyada və beynəlxalq səviyyədə rəsmi dövlət qurumları, diplomatlar, siyasi, hərbi ekspertlər, tədqiqatçılar və digər mütəxəssislərdən ibarət geniş auditoriyaya malikdir.
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.
Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Azərbaycan Prezidentinin 2020-ci il 24 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.
Bu il koronavirus pandemiyası səbəbindən Qələbə Günündə Prezident İlham Əliyevin veteranlarla görüşü keçirilməsə də, onların hər biri daim dövlət başçısının diqqətindədir. Mayın əvvəllərində Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Prezident İlham Əliyevin dediyi kimi biz onların mənəvi ruhu, nikbinliyi, həyatsevərliyi ilə yalnız fəxr edə bilərik: “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”.
Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.
Azərbaycanın Qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmadı
Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Bu mənada Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. O çətin və ağır günlərdə özlərinin rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin, azərbaycanlı alimlərin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir. Çünki onlar bu haqqı canları, qanları bahasına qazanıblar. Ona görə bir müddət əvvəl son on beş ili əhatə edən bir dövr ərzində çoxlu sayda arxiv materialları topladım. Müharibə illərində çap olunmuş bütün qəzetləri gözdən keçirdim. Qəzetlərdəki materiallarla tanış olduqca bizim neftçilərə, alimlərə onların fədakarlıqlarla dolu əməyinə görə qəlbim qürur hissi ilə döyünürdü. Fəxr edirəm ki, mənim Vətənim – mənim Azərbaycanım o böyük qələbəni qazananların birinci cərgəsində dayanır. Pandemiyadan sonra təqdimatını keçirəcəyimiz “Azərbaycan nefti 1941-1945-ci illərdə” adlı kitab və bu araşdırma məqalədən istifadə etdiyim zəngin materialları, faktları, rəsmi sənədləri araşdırdıqca, bu millətin övladı olaraq xalqımızın tarixi zəfərlərinin fərəh, qürur hissi ilə yenidən şahidi oldum. Xalqımız tarixin bu çətin, olduqca da sərt sınağı qarşısında mətanətlə durdu, geri çəkilmədi. Əksinə, qorxu bilmədən düşmənin üstünə şığıdı. Ölümü, aclığı, qıtlığı, dözülməz isti, ilik donduran soyuqlu günləri dəf edib, dözümlülük nümayiş etdirdi. Sivilizasiyamızı bu vəbadan xilas etməkdə planetimizin bütün tərəqqipərvər qüvvələri ilə bir sırada dayandı.
Azərbaycan xalqının Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsinə verdiyi töhfələrə dair alimlərimiz Qaraş Mədətov, Əhəd Bağırzadə, İsrafil İsrafilov, Azərbaycan Tarix İnstitutu kifayət qədər ciddi araşdırmalar aparıblar. Bu məqalədə isə əsasən xalqımızın qələbənin qazanılmasına verdiyi iqtisadi töhfələrdən bəhs etmək istəyirəm.
Bakıda müharibənin ilk günündən cəbhəni vaxtlı-vaxtında neft və neft məhsulları ilə təmin etmək üzrə aparılan işlər daha da genişlənirdi. Neftçilər, sözün əsl mənasında, möcüzələr yaradırdı. Nikolay Baybakov Bakı neftçilərinin qəhrəmanlığını belə xarakterizə edirdi: “Onlar dəbli ayaqqabılarını çıxarıb, kirz çəkmələr geydilər. Bəzəkli şlyapalarını bir qırağa atıb başlarına qulaqlı, ağır papaq keçirdilər. Qadınlar heç bir işdən qorxmurdu. Hətta buruq qazma işlərində də çalışırdılar!”
Həmin günlərdə Azərbaycan neftçilərinin qarşısında duran ən vacib vəzifələrdən biri də neft hasilatının səviyyəsini qoruyub saxlamaq idi. 1941-ci ildə kəşfiyyat qazma işlərinin həcmi Azərbaycan neft sənayesi tarixində özünün ən yüksək göstəricisinə – 43 min 274 tona çatdırıldı.
Azərbaycan neftçiləri tərəfindən 1941-ci ilə aid illik planın vaxtından əvvəl yerinə yetirilməsi barədə Azərbaycan K(b)P MK və Xalq Komissarları Sovetinin verdiyi 1941-ci il 21 dekabr tarixli raportda deyilirdi: “Öz işini hərbi dövrün tələblərinə uyğun yenidən quran Sovet Azərbaycanının neftçiləri dekabr ayının 19-da neft və qaz hasilatı üzrə illik planı vaxtından qabaq yerinə yetirmişlər”.
Müharibənin birinci ilində mümkünsüz görünən bir nəticə əldə olundu. 1941-ci ilin yekunlarına görə, Sovet İttifaqı 33 milyon ton neft hasil etdi. Artım tam 6 faiz oldu. Ölkənin baş neft rayonu – Bakı şəhəri rekord göstərici ilə istehsalı 23,5 milyon tona çatdırdı.
Azərbaycanın paytaxtı SSRİ-nin Şərq rayonlarında “İkinci Bakı”nın yaradılmasında olduqca vacib, müstəsna rol oynadı. Azərbaycan neft sənayesinin bütün istehsal-texniki və intellektual potensialı həmin bölgələrdəki yeni yataqların mənimsənilməsinə səfərbər edildi. Ən qısa müddətdə, cəmisi bir neçə həftə ərzində, respublikanın neftçıxarma kadr və texniki-istehsal potensialının həlledici hissəsi, 12 min nəfərdən çox ixtisaslı neftçi kadrı, on min tonlarla neft sənayesi avadanlıqları Bakıdan ölkənin Şərqinə yola salındı. Bu, sözün əsl mənasında, Azərbaycanın neft sənayesinə güclü zərbə idi və uzun müddət respublikamızda neft sənayesinin inkişafına təsir etdi.
Bəli, Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində sovet ittifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşdü. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi… O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi…”
Ümumilikdə 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü.
Bakının işğalı almanların qarşıya qoyduğu əsas hədəflərdən idi
Faşist Almaniyasının SSRİ-yə hücum planında Bakının tutulması əsas hədəflərdən biri idi. Ölkənin Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Çünki Hitler və ətrafındakılar yaxşı başa düşürdülər ki, Bakı nefti olmadan müharibədə uğur qazanmağa ümid yoxdur. Bütün dünyaya ağalıq etmək iddiasında olan alman strateqləri və onların müttəfiqləri bircə prinsipə güvənirdilər: “Kim dünyanı idarə etmək istəyirsə, neftə nəzarəti ələ keçirməlidir. Bütün neftə – harada olursa-olsun, harada çıxırsa-çıxsın!”
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Müharibənin əvvəllərində sovet tədqiqatçısı B.Kramer mərkəzi mətbuatda dərc olunan yazısında Birinci Dünya müharibəsi təcrübəsindən çıxış edərək aşağıdakı suallara cavab axtarırdı: – Yeni müharibədə alman strateqlərinin gəldiyi nəticələr nə qədər ciddidir?! Onlar qələbə qazanmaqda nəyə arxayındırlar? Onlar nəyə güvənir?
Bu sözlərdə heç bir şişirtmənin olmadığını bildirən müəllif yazır ki, həqiqətən də neft Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində gedən döyüşlərin sonuna yaxın əsas amil rolunu oynadı. Müharibə gündən-günə daha çox yanacaq “içən” maşınların yarışına çevrildi. Amerikanın köməyi və Britaniyanın yiyələndiyi torpaqlardan axıb gələn neftin sayəsində ingilis, eləcə də fransız qoşunları Birinci Dünya müharibəsində Almaniyaya öldürücü zərbə endirməyi bacardı.
İkinci Dünya müharibəsinin başlanğıcında faşistlər Almaniyanı hərbi strateji xammalla, əsasən də neftlə təmin etməyi bacarmayan Kayzer Vilhelmin səhvlərini təkrar etməyəcəkləri barədə ağızları köpüklənə-köpüklənə danışır, hay-küy qoparırdılar. Herinq dönə-dönə and-aman edirdi ki, Almaniya neft məhsulları ilə bağlı bütün ehtiyaclarını tamamilə ödəməyə qadirdir. Lakin Herinqin bəlağəti xəyallardan həqiqəti ayırmaq bacarığını hələ itirməmiş alman hərbi ekspertlərinin önə çəkdiyi rəqəmlərdə öz təsdiqini tapmırdı. Hərbi ekspertlərin hesablamalarına görə, üzdə olan neft balansı heç də Almaniyanın xeyrinə deyildi. Yeni, uzun çəkən müharibə başladığı halda Almaniyanın 1918-ci ildəki fəlakətin ən başlıca səbəblərindən biri olan kəskin neft çatışmazlığı ilə mütləq üzləşəcəyi qaçılmaz idi. Hesablamalar göstərirdi ki, alman ordusunun yanacağa olan gündəlik tələbatı 65-70 min ton olmuşdu. Bu da bir ay ərzində 2 milyon ton deməkdir.
Ona görə də alman ordusu müharibənin gedişində cənuba doğru hücum planlarını genişləndirərək artıq Şimali Qafqaza qədər gəlib çıxmışdı. Faşistlər neftə can atırdılar. Oradan isə əl uzatsan, Bakıya çatardı. Bakı isə Sovet İttifaqının neftlə döyünən qəlbi idi. Ətraf isə Hitleri Bakının işğalına inandırmışdı. Buna görə də Hitler üzərində Xəzərin, Bakının konturları olan tortu böyük həvəslə kəsmişdi. Almanlar Qafqazın neft rayonlarını ələ keçirmək uğrunda ən sərt, ən qəti qərarlar verir, qələbə naminə bütün güc və ehtiyatlarını səfərbər edirdilər. Hətta “Edelveys” əməliyyatının ilk mərhələsində bir neçə uğur qazandılar.
Faşistlərin Qafqaza hücumu genişlənəndə Dövlət Müdafiə Komitəsi Bakının neft mədənlərinin partladılmasına qərar vermişdi
Sovet qoşunlarının şiddətli müqavimətinə baxmayaraq, müharibənin gedişində düşmən müəyyən uğurlar qazana bilmiş, vacib iqtisadi rayonları ələ keçirmişdi. Ona görə Bakının başı üzərində daha ciddi təhlükə yaranmışdı. Əsas məsələ isə almanların Bakını alacağı təqdirdə neft mədənlərinin partladılması idi.
1942-ci il iyul ayının 1-də Stalin məşhur həmyerlimiz Nikolay Konstantinoviç Baybakovu yanına çağırıb ona demişdi: Siz Qafqaza gedirsiniz və yerli neft mədənlərini minalayırsız. Əgər Hitlerə bircə ton da olsa, neft saxlasanız, sizi mən özüm güllələyəcəyəm. Yox, əgər Hitler gedib Qafqaza çatmasa, siz neft mədənlərini vaxtından əvvəl partlatmış olsanız, onda biz yenə də sizi güllələyəcəyik.
Cavan, otuz yaşını təzəcə adlamış nazir müavini özündə güc, cəsarət tapıb, asta səslə deyir: Yoldaş Stalin, siz mənə heç seçim yolu saxlamırsınız.
Bu epizodu yaxşı xatırlayan N.Baybakov sonralar bu barədə yazırdı:
– İ.Stalin gəlib yanımda durdu. Əlini astaca qaldırıb ehmalca öz gicgahına vurdu:
– Seçim buradadı, yoldaş Baybakov. Budyonnı ilə uçursunuz. Fikirləşin. Məsələni yerində həll edin.
O zaman Baybakov mütəxəssisləri yığıb Şimali Qafqazda xüsusi üsulla quyuları dağıtmağa başladı. İlk növbədə, az məhsul verən quyular partladıldı. Sonra isə alman-faşist hücumlarının genişlənmə tempindən asılı olaraq digər quyulara keçdilər. Axırıncı məqamda, yəni faşistlərin Qroznı və Maykopun neft yataqlarına daxil olduğu vaxtda isə oradakı yaxşı neft verən quyular partladıldı…
Sonra N.Baybakovun qrupu təcili olaraq Bakıya yola düşdü. Burada da onun qarşısında duran vəzifə eyni idi: düşmənə bir damla belə neft verməmək! Krasnodar, Qroznı… bəli, dəhşətli, ağır və ağrılı… Ancaq Bakıda hər şey o qədər doğma, o qədər əziz idi ki! Buraların qurulması üçün özü o qədər güc, can qoymuşdu ki! İndisə öz əlləri ilə…
Bəli, Bu gün belə çox az adam bilir ki, ölkənin şah neft damarını o vaxt – müharibənin ağır günlərində öz əlimizlə kəsməyə hazır imişlər. M.Slavkina öz kitabında N.Baybakov haqqında yazır:
– Arxiv materialları arasında bizim qəhrəmanın Qroznıdakı, yaxud Krasnodardakı fəaliyyəti ilə bağlı sənədləri axtarırdıq. Axtaran tapar, – deyiblər, biz də tapdıq. Əlimizə keçən çox mötəbər bir sənəd idi.
Dövlət Müdafiə Komitəsinin 14 avqust 1942-ci il tarixli “Bakı neft sənayesi üzrə xüsusi hazırlıq tədbirləri haqqında”kı qərarı. “Tamamilə məxfi” qrifli, yuxarıda isə göy rəngli ştamp: “Məxfilikdən çıxarılıb”. Şəxsən İosif Stalin imzalayıb.
Yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsi qərara alır:
SSRİ Daxili İşlər Komissarlığına bir vəzifə olaraq tapşırılsın ki, SSRİ-i Neft Sənayesi Xalq Komissarlığı ilə birlikdə Bakı neft sənayesi obyektlərinin (quyuların, sisternlərin, rezervuarların, müəssisələrin və avadanlıqların) sıradan çıxarılmasına hazırlıq üzrə xüsusi tədbirlər həyata keçirsin.
SSRİ Daxili İşlər Xalq Komissarının müavini yoldaş Merkulov və neft sənayesi xalq komissarının müavini yoldaş Baybakov Bakıya ezam olunsunlar və aşağıdakı tədbirləri həyata keçirsinlər:
a) Hazırlanmış tədbirlərin həyata keçirilməsi üçün hər obyektə üçlükdən – obyektin rəhbəri, partiya təşkilatı rəhbəri və XDİK-nın oper-işçisindən ibarət heyət ayrılsın.
b) Miqdarı əvvəlcədən hesablanmış partlayıcı maddələr lazım gələn vasitələr və alətlərlə birlikdə obyektlərə gətirilsin.
c) Xüsusi tədbirlərin həyata keçirilməsində iştirak etmələri nəzərdə tutulan şəxslərdən hər bir obyektə sutkaboyu növbətçilər qoyulsun.
ç) Merkulov və Baybakov yoldaşlar bütün işləri Azərbaycan rəhbərliyi ilə birlikdə aparsınlar.
Bunlar ağlasığmaz sətirlərdir, ancaq bunların hamısı reallıq olmuş həqiqətlərdir. Düşmən isə irəliləyirdi. Bu vaxt DMK yeni, tamamilə məxfi bir qərar qəbul etdi. Öz qərarında DMK elə hesab edirdi ki, sovet qoşunlarının məcburən geri çəkildiyi halda fəaliyyətdə olan neft quyuları fondu, neft mədən təsərrüfatları, neft emalı zavodlarının partladılmasına hazırlıq işləri aparılmalı, sonra da məhv edilməlidir.
Sənədlərdən məlum olur ki, həmin günlərdə feldmarşal Maynşteyn telefonla Hitlerə yalvarır ki, Qafqazdakı alman qoşunlarını onun tabeliyinə keçirsin. O da həmin qoşunla Stalinqrad altında mühasirəyə düşmüş orduya köməklik göstərsin.
Yox, – deyə fürer cavab verir, – Bakını tutmaq hər şeydən vacibdir. Əgər Qafqaz neftini almasaq, müharibəni uduzmuşuq!
Ancaq sonrakı hadisələr göstərdi ki, Hitler tortu kəsməkdə çox tələsibmiş. Bakını tutmaq almanlara nəsib olmadı, üstəlik faşist Almaniyası Bakı neftində boğuldu… Yanacaqsız qalan almanların tank qoşun birləşmələri Qafqaz dağlarının ətəyindəcə dayanmağa məcbur oldular. Bakının neft yataqları isə son anda partladılmaqdan xilas oldu.
1942-ci il, payızın axırına yaxın düşmənin Qafqaz üzərinə hücumu dayandırıldı. Vermaxtın qoşun birləşmələri Qafqaz dağlarını aşıb neft yataqlarını tutmaq gücündə olmadı. Almaniya neft uğrunda gedən böyük müharibənin ən həlledici mərhələsini uduzdu. Bu strateji məğlubiyyət idi. Məğlubiyyətin nəticələri isə tez bir zamanda özünü büruzə verdi.
Dövrün siyasi liderlərinin və görkəmli sərkərdələrinin Bakı neftinin Qələbədəki rolu barədə fikirləri
“Neft haqqındakı məsələ həyat məsələsidir. Ona görə ki, neft kimdə çoxdursa, gələcək müharibədə kimin əmr verəcəyi ondan asılıdır. Kimdə neft çoxdursa, dünya sənayesinə və ticarətinə əmr verilməsi də ondan asılıdır. Neft qabaqcıl ölkələrin donanmalarının motorlu mühərriklərə keçməsindən sonra dünya dövlətlərinin istər müharibə zamanı, istərsə də sülh, əmin-amanlıq zamanı üstünlük, hegemonluq uğrunda gedən mübarizəsində həyati məsələyə çevrilir”. Bu fikirləri isə Stalin ÜİK (b)P XV qurultayında demişdi.
Ona görə Birinci Dünya müharibəsindən sonra almanların Bakı neftini hədəfə almaları başa düşülən idi. Almaniya Silahlı Qüvvələri Ali komandanlığı yanında kəşfiyyat və əks kəşfiyyat idarəsinin – “Abver”in rəisi, admiral Fridrix Vilhelm Kanaris təsdiq edirdi ki, SSRİ-nin xammal ehtiyatlarını, ilk növbədə, Bakı neftini tez bir zaman ərzində tutmadan, ələ keçirmədən Qələbə mümkün deyil. Artıq 1941-ci ilin yazında Bakının neft mədənlərinin istismarının təşkili məqsədi ilə almanlar xüsusi idarə – Vestfalen qərargahını yaratmışdılar. 1941-ci il iyul ayının 16-da Hitlerin qərargahında keçirilən müşavirədə qeyd olunmuşdu ki, “Bakı vilayəti… alman konsessiyası olmalıdır”.
German Qerinqin isə hələ müharibə başlamazdan əvvəl SSRİ ərazilərinin nəzərdə tutulan işğalı zamanı iqtisadi talan haqqındakı direktivlərində yazılır: “İşğal edilməli ərazilərdən istifadə olunması işləri, ilk növbədə, ərzaq və neft sahələrindəki təsərrüfatlarda aparılmalıdır. Nə qədər mümkünsə, Almaniya üçün daha çox ərzaq və neft əldə etmək – şirkətin əsas iqtisadi məqsədi belədir. Bunlarla yanaşı, alman sənayesinə işğal olunmuş vilayətlərdən digər məhsullar da çatdırılmalıdır”.
Hələ 1942-ci ildə Hitlerin direktivində deyilirdi ki, cənub cəbhəsindəki əməliyyatların əsas hədəfi Qafqaz sıra dağlarını adlayıb səxavətlə sovet ordusunu neftlə qidalandıran Bakını ələ keçirməkdir. Bununla da onlar sovet ordusunu, necə deyərlər, “oksigensiz qoymaq”, iflasa uğratmaq ümidində idilər. Lakin qeyd edildiyi kimi, Bakıya hücum planlarının iflasa uğraması ilə almanlar davamlı hücum imkanlarını da tükəndirmiş oldular.
Azərbaycan neftçilərinin əməyi dövrün tanınmış siyasətçiləri, hərbçiləri tərəfindən də yüksək qiymətləndirilirdi. Məsələn, Sovet İttifaqı Marşalı Georgi Jukov xatirələrində yazır: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”.
“Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”. Bu fikirlər isə Sovet İttifaqı Marşalı Konstantin Rokosovskinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova yazdığı məktubda yer alır.
Daha bir Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin yazır: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.
Təəssüf ki, müharibədən sonra sovet rəhbərliyi Bakının Qələbənin əldə edilməsində tarixi rolunu qiymətləndirmədi. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Rusiya alimi və politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən sonrakı illərdə bayramlarda, ildönümlərində sovet rəhbərlərindən kiminsə Qələbədə Bakı neftinin rolu haqqında durub danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri adı verilmədi. Yada düşmədi, görmədilər, gözə dəymədi, sənəd çatmadı və sair və ilaxır… Mükafatlarla bağlı bunlar bir qayda olaraq baş verir. Axı, həqiqətin gözünə gərək düz baxasan! Azərbaycan nefti olmasaydı, müharibə uduzulacaqdı. SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin payızında nazik simdən asılı qaldı. Bakı neftçilərinin sayəsində bu nazik sim qırılmadı. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü Bakının neft mədənlərindən çıxarılan neftlə, Bakının neft emalı zavodlarında alınan benzin və solyarka ilə doldurulurdu”.
Bakı Sovet İttifaqının həm də mühüm silah istehsalı mərkəzlərindən biri idi
Böyük Vətən müharibəsi ərəfəsində sovet hökuməti ölkənin müdafiə qabiliyyətinin artırılması və möhkəmləndirilməsi üçün geniş plan işləyib həyata keçirməyə başladı. Plana uyğun olaraq müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi.
Arxiv materialları və həmin dövrün mətbuatında dərc olunmuş məqalələrə əsasən bəzi faktlara diqqət yetirək. Bunlardan biri 1942-ci ilin iyul ayında Bakıda rekord bir müddət ərzində Hərbi Sursat Xalq Komissarlığının “Katyuşa” üçün M-13 mərmiləri istehsal edən 610 saylı yeni zavodunun yaradılmasıdır. Zavod elə bu cür də adlanırdı – mərmi hazırlayan zavod.
Bu reaktiv mərminin korpusu, detalları, ayrı-ayrı hissələri müharibənin ilk günündən istehsal yönünü dəyişən yerli sənayenin müxtəlif profilli zavodlarında istehsal olunurdu. Azərbaycan K(b)P MK mərmi korpuslarının fasiləsiz istehsalını “L.Şmidt” adına, “S.M.Kirov” adına, “Zaqfederasiya”, “Oktyabr inqilabı”, “Paris kommunası”, 458 nömrəli zavod, “Budyonnı” adına, “Bakinskiy raboçiy”, “1 May”, “Montin”, “Beriya”, “Lenin” adına avtomobil təmiri zavoduna, Hüsü Hacıyev adına, Volodarski adına zavoda, Kirov adına “Əzizbəyovneft” zavodunun emalatxanasına, Dmitrov adına “Molotovneft” trestinin emalatxanasına “Azprosovet”ə tapşırmışdı.
1941-ci ilin sonunda hərbi məhsul istehsal edən zavod sexləri planı 200 faiz yerinə yetirmişdilər. Artıq ilin axırına yaxın Azərbaycanda 130 növdə silah, döyüş sursatı, hərbi ləvazimat, mal-material istehsal olunurdu. 1942-ci ildə Bakıda “doğulmuş” “YAK-3” qırıcıları cəbhəyə uçmağa başladı. Qeyd edək ki, yerli sənaye Xalq Komissarlığının, eləcə də “Azərsənayeşurası”nın xətti ilə Bakıda (Leninqraddan sonra) “Molotov kokteyli” istehsalına başlanmışdı. 1941-ci ilin 8 noyabrında 35 min ədəd yandırıcı butulka və 14 min ehtiyat patron istehsal olunaraq yeşiklərə yığıldı. Müəssisənin istehsal gücü isə sutka ərzində 10 min ədədə çatdırılmışdı.
Aviabombaların istehsalına başlayan gəmi təmiri zavodu planı vaxtından əvvəl ödəyirdi. Avtomobil təmiri zavodunun kollektivi “M-13” minomyotu hissələrini, “PPŞ” avtomatlarını, tank hissələrini istehsal edirdi. Kirovabad (Gəncə) şəhərində isə 12 sənaye müəssisəsi müharibənin tələbləri əsasında yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal edirdi.
Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi nəticəsində Bakının neft emalı müəssisələri cəbhə üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər. Bununla yanaşı, ordunun təminatı üçün partladıcı, yandırıcı, zərərverici maddələrin, əl qumbaralarının istehsalı da tələb olunurdu. Bütün bu işlərdə öz dərin elmi biliklərini ortaya qoyan Azərbaycan alimləri tərəfindən tank əleyhinə yandırıcı butulkalar üçün ampulanın tərkibi işlənib hazırlandı və uğurla sınaqdan keçirildi. Yuxarıda adıçəkilən vasitələrin hazırlanmasında neft, kerosin və benzin kimi tezalışan məhsullardan istifadə olunurdu. Yandırıcı maddə kimi xlorlu-xromil adlı yeni kimyəvi birləşmə də alimlərimiz tərəfindən kəşf edildi. Kimyaçılar hərbi dövrün tələb etdiyi kimi, ən qısa vaxt ərzində neft sənayesi tullantılarından tüstülü döyüş briketlərinin, yerli xammaldan zəhərli maddəni udan süzgəclərin, tank əleyhinə butulkalar üçün fitillərin, oddan müdafiə rənglərinin alınması və başqa bu kimi vacib məsələlərə əncam çəkdilər.
Dənizçilərimiz və dəmiryolçularımız əzmlə çalışırdılar
Müharibə başlayanda Xəzər gəmiçiliyi yük dövriyyəsinə görə SSRİ-də birinci yeri tuturdu. SSRİ-nin bütün dənizləri ilə daşınan yüklərin üçdəbiri Xəzər dənizinin payına düşürdü. Bu, hər şeydən öncə, mədənlərin, neftayırma zavodlarının və pambıq bazalarının dənizə yaxınlığı ilə izah olunurdu. Qafqaza və Orta Asiya bölgələrinə daşınan taxılın, meşə-taxta məmulatlarının Ural və Volqa çayları vasitəsilə Xəzərə çatdırılması da yük dövriyyəsinin yüksək səviyyəsini şərtləndirirdi.
Xəzər dənizinin rolunu və əhəmiyyətini müəyyənləşdirən başlıca yüklər neft və neft məhsulları idi ki, bu da əsasən Bakıdan Həştərxana, oradan da Volqaboyunca yuxarıya, SSRİ-nin müxtəlif rayonlarına daşınırdı. Bakı limanı isə yük emalının yüksək intensivliyinə, eləcə də tutumlu buraxılış qabiliyyətinə görə fərqlənirdi. Artıq 1941-ci ilin iyulundan Bakı limanı vasitəsilə ölkənin qərb rayonlarından köçürülən insanların, zavod və fabrik avadanlıqlarının, taxılın və başqa yüklərin Orta Asiyaya, Qazaxıstana göndərilməsinə başlanmışdı.
Dövlət Müdafiə Komitəsinin sənaye avadanlıqları, qoşun birləşmələri, sərnişin və yüklərin təxliyəsi ilə bağlı qərarının yerinə yetirilməsi Xəzər hövzəsinin bütün dəniz nəqliyyatı işçilərindən qüvvələrini daha da cəmləşdirməyi, səyləri artırmağı, mövcud imkanların səfərbər olunmasını tələb edirdi. Bəzən planda nəzərdə tutulmayan on minlərlə sərnişinin, yüz min tonlarla müxtəlif yüklərin ən qısa müddət ərzində daşınması vacib idi. DMK-nın tapşırığına əməl olunaraq gəmilərin müəyyən hissəsi Hərbi Dəniz Donanmasının sərəncamına verilmişdi.
1941-ci ilin avqustunda bir neçə iri nəqliyyat gəmisi mövcud müqaviləyə əsasən İrana yeridilən sovet qoşunlarının daşınmasında iştirak edirdi. Bu səbəbdən dənizçilər öhdələrinə düşən planı yerinə yetirmək üçün əllərindən gələni edirdilər: gəmilərin təmiri, yükləmə və boşaltma müddətlərini qısaldır, gəmilərə normadan artıq yük vurur, yük yerlərinə adamları mindirir, sərnişinləri göyərtədə aparmağa məcbur olurdular.
Hər bir tanker öz göyərtəsinə 4,5-5 min nəfər götürür, onları Xəzərin Şərq sahilinə keçirirdilər. Müharibənin təkcə ilk altı ayı ərzində bu yolla 100 min nəfərdən artıq insan daşınmışdı. SSRİ XKS yanındakı köçürülmə üzrə Şuranın qərarına əsasən, zəhmətkeşlər öz müəssisələri ilə birlikdə Orta Asiyaya evakuasiya edilirdi. Çağırışçı komandalar hərbi təlim keçməkdən ötrü də Xəzərin o tayına aparılırdı. Elmi idarələrin, təhsil müəssisələrinin əməkdaşları, tələbələr də köçürülürdü. Bunlarla bərabər, əksəriyyəti qadın, uşaq və qocalardan ibarət qaçqın-köçkün axını da Şərqə üz tuturdu.
Gəmi heyəti ən xırda imkanlarından belə istifadə edib, dəridən-qabıqdan çıxırdılar ki, göyərtəyə, anbarlara daha çox insan yerləşdirə bilsinlər, sahildə insanları ümidsiz buraxmasınlar. Bütün cəhdlərə baxmayaraq, gəmilər çatışmırdı. İnsanların təxliyəsi üçün bütün motorsuz gəmilərdən, hətta geniş, göyərtəsi 2000 nəfər tutan yedəkçi taxta şalbanlardan belə istifadə olunurdu. İnsanları neft tankerlərində belə daşıyırdılar. Tankerlər qarışıq yüklər aparırdı. Anbarlar neft və neft məhsulları ilə ağzınacan doluydu, göyərtədə isə insan kütləsindən tərpənmək olmurdu.
Adamların tankerlə daşınması olduqca mürəkkəb, çətin bir iş idi. Gəmi heyətləri əvvəllər heç görmədikləri, ağıllarına belə gəlməyən saysız-hesabsız çətinlikləri dəf etməli olurdu. Yaralıların təxliyəsi xüsusilə çətinlik törədirdi.
Eyni zamanda, Xəzərlə hərbi ləvazimatlar, texnika da daşınırdı. Xüsusən yanacaqla doldurulmuş tankerlərdə hərbi yüklərin neft məhsulları ilə qonşuluğu, üstəlik gəmilərə yüklənmiş tanklara da yanacağın doldurulması açıqca təhlükə mənbəyi, odla oynamaq idi. Xəzər dənizçiləri məhz belə böyük bir riski, məsuliyyəti gözə alaraq verilən tapşırıqları yerinə yetirirdilər.
Hərbi hissə və birləşmələrin Xəzər dənizi vasitəsilə təcili daşınması 1941-ci ilin iyul ayından həyata keçirilməyə başladı. Cəbhəyə yollanacaq tank diviziyası Krasnovodskdan dəniz yolu ilə Bakıya çatdırıldı. Daşınmanın təhlükəsizliyi tankları aparan nəqliyyat vasitələrinin keçdiyi yolda 7 gün ərzində dənizdə fasiləsiz keşik çəkən kanoner qayıqlarının sayıqlığı ilə təmin olunurdu.
Donanmanın gəmiləri neft və başqa yükləri daşıyan tankerləri müşayiət edir, öz zonasında hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirir, sualtı minaları zərərsizləşdirmə əməliyyatlarını həyata keçirir və lazım gələndə desant çıxarmağa belə köməklik göstərirdi.
Donanma Zaqafqaziya Cəbhəsi qoşunları Şimal qrupunun əks hücumlarında mühüm rol oynamış 2 atıcı və savaşçı korpusunu Xəzərin qərb sahillərinə çıxarmışdı. Bundan başqa, Qafqazın müdafiəsi dövründə donanma 11 atıcı briqada, 5 atıcı alayı, 1000-dən çox tank və zirehli maşın, 18,5 min at, 8 mindən çox top, 4 min avtomobil və 200 təyyarə daşımışdı.
Cəbhədəki şəraitin dəyişməsi ilə əlaqədar olaraq dəniz daşımalarının xarakteri də dəyişmiş olurdu. Cəbhəyə daha çox neft və neft məhsulları çatdırmağa çalışan “Xəzərtanker”in dənizçiləri müxtəlif vasitələrlə gəmilərin yükgötürmə qabiliyyətini artırmağa çalışırdılar. Məsələn, “Ağamalıoğlu” tankeri hər səfərdə normadan artıq, 700 tona qədər yanacaq götürürdü. 5 reys ərzində gəmi plandan əlavə, 3378 ton neft məhsulları daşımışdı.
Bir çox tanker heyətləri özü getməyən gəmilərin ikiqat, üçqat yedəyə alınmasını gerçəkləşdirdi. Dənizlə daşınan neftin ümumi miqdarının 90 faizindən çoxu Bakı limanından yola salınırdı. Bakı-Həştərxan marşrutu SSRİ baş neft konveyerinin birinci sahəsi idi. Həştərxan reydi, Mahaçqala, Krasnovodsk, Quryev limanları neft məhsullarının boşaltma məntəqələri idi. Müharibə illəri ərzində Xəzər dənizçiləri cəbhəyə 50 milyon ton neft və neft məhsulları, o cümlədən B-74, B-76, B-70 aviabenzinləri, liqroin, solyar, kerosin, dizel yanacağı, avtol, motor nefti, mazut daşıdılar. Bu daşımalar 1942-ci il ərzində 1 milyon 593 min 174 tona çatmışdı.
Düşmən aviasiyasının hücumları və bədbəxt hadisələr nəticəsində 1942-1944-cü illər ərzində Xəzər ticarət donanması 32 nəqliyyat gəmisini itirdi. 100 nəfərə yaxın dənizçi isə döyüş meydanında həlak oldu. SSRİ Hərbi Dəniz Donanması Xalq Komissarının 1942-ci il 8 avqust tarixli qərarı ilə Xəzər Donanması “Döyüşən donanma” elan edildi. O vaxt Zaqafqaziyanı bütün ölkə ilə birləşdirən quru kommunikasiya xətləri artıq kəsilmişdi.
Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı. Bu da alman faşist qoşunlarının qabağına sədd çəkməklə yanaşı, Zaqafqaziya cəbhəsi Şimal qrupunun hücumunda çox həlledici rol oynadı.
Sovet hökuməti xəzərlilərin əmək uğurlarını yüksək qiymətləndirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 aprel tarixli fərmanı ilə Xəzər Donanması Qırmızı Bayraq Ordeni ilə təltif edildi. Rəşadətli əməklərinə görə Xəzər gəmiçiliyinin 1534 işçisi Sovet İttifaqının orden və medalları ilə təltif olunmuşdu.
Təbii ki, bu yerdə Azərbaycan dəmiryolçularının fədakarlığını qeyd etməyə bilmərik. 1941-1945-ci illərdə Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi.
Azərbaycan dəmiryolçuları azad olunmuş rayonların dəmiryolçularına da köməklik göstərirdilər. Depo və yol emalatxanalarının kollektivləri bu rayonların stansiyalarına avadanlıq və alətlər göndərmişdilər. Bakı və Biləcəri depolarından Stalinqrad, Tixoretski, Minvod, Qafqaz və başqa stansiyalar üçün 36 adda 1000- dən çox alət, iki kompleks “Bekker” qaldırıcı kranı, şpalları qaldırmaq üçün avadanlıq, üç elektrik mühərriki, dörd çilingər dəzgahı, Kirovabad (Gəncə) deposundan Şimali Qafqaz dəmiryolçularına beş dəst çilingər aləti, 100-dən çox parovoz borusu, on dəst ressor və digər materiallar yola salınmışdı.
Azərbaycanın nəqliyyat imkanları “lend-liz” yükləri üçün əsl “həyat yolu” idi
Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair 1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın “lend-liz” kredit və icarə haqqında qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil edilməsi ilə bağlı Böyük Britaniya və ABŞ İran körfəzi, habelə İran ərazisindəki dəmir yolları, sonra isə quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı yüklər göndərməyə başlamışdılar. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı. Hərbi yüklərin daşınması üzrə işlərə rəhbərlik edənlərdən biri də azərbaycanlı general-mayor Ə.M.Əzizbəyov idi.
Beləliklə, Azərbaycan “lend-liz” yükləri üçün əsl “həyat yolu”na çevrilmişdi. Yüklər Azərbaycana İran ərazisindən daxil olurdu. Sonra isə bu yüklər dəmir yolu vasitəsilə SSRİ-nin mərkəzi hissələrinə çatdırılırdı. Həmçinin Xəzər dənizi yolu ilə də yüklər Həştərxana daşınırdı.
Stalinlə ABŞ prezidenti arasındakı razılaşmaya əsasən, amerikalılar İran ərazisindən keçib SSRİ sərhədinə çatan dəmir və şose yolları çəkmişdilər. Bu iş ən qısa müddətdə, 1942-ci ilin iyununa qədər başa çatdırılmışdı. Dəmir yolu lokomotivlərlə vaqon və stansiyalarla təchiz olunmuşdu. Bu yol İran körfəzindən, bu ölkənin sərhədindən SSRİ-nin cənubuna, Bakıya qədər uzanırdı. Amerikalılar İran körfəzində iki liman da tikmişdilər. Okeanın o tayından göndərilən yüklər bu limanlara boşaldılır, oradan da SSRİ-yə daşınırdı. Limanlar da elə bu məqsədlə tikilmiş və lazımi infrastrukturla təmin olunmuşdu. İran ərazisindən keçən şose və dəmir yolunun inşasında yerli əhali ilə bərabər, ABŞ ordusunun xüsusi batalyonları da iştirak edirdi. Bu marşrutla ilk daşınmalar 1941-ci ilin noyabr ayından başladı. O zaman okeanın o tayından 2.972 ton yük göndərilmişdi.
“Lend-liz” yükləri İran körfəzinin şimal qurtaracağındakı limanlara – Bəsrəyə, Xürrəmşəhrə, Abadana, Bəndər-Şapura gəlirdi. Bu limanlarda avia və avtomobil yığma zavodları da tikilmişdi. Həmin limanlardakı yüklər SSRİ-yə iki yolla Xəzər su yolu vasitəsilə, bir də Qafqazdan keçən quru yolla daşınırdı. 1942-ci ilin mayında yüklərin göndərilməsi, orta hesabla, ayda 80-90 min ton, 1943-cü ilin ikinci yarısında isə ayda 200 min ton təşkil edirdi. Yüklərin sonrakı daşınması Xəzər Hərbi Donanmasının gəmiləri vasitəsilə həyata keçirilirdi. Bu gəmilər 1942-ci ilin sonuna qədər alman faşist aviasiyasının fasiləsiz hücumlarına məruz qalırdı. Təkcə 1942-ci ilin oktyabr və noyabr aylarında yuxarıda qeyd edildiyi kimi 32-dən çox yüklə dolu gəmi batırılmış, bəziləri də ciddi zədə almışdı.
Müharibə ərzində İrandan SSRİ-yə avtomobillər Tehran-Aşqabad, Tehran-Astara-Bakı, Culfa-Orconikidze marşrutları üzrə daşınırdı. Zirehli texnika ilə yüklənmiş gəmilər isə 1943-cü ilin martından Bakı limanına gəlməyə başladı. Avtomobillər, bir qayda olaraq, təyinat məntəqəsinə sürülüb çatdırılırdı. Üstəlik, həmin avtomobillərə ağzınacan “lend-liz” yükləri də yüklənirdi. Tanklar isə dəmir yolu platformalarına yüklənib Bakıya aparılır, Bakıdan da lazımi istiqamətlərə paylanırdı.
Almanlar Volqaya çıxanda (1942-ci ilin yayı və payızı) Bakının Şimal rayonları ilə əlaqəsi kəsilmişdi. Beləliklə, tanklar birbaşa Şimali Qafqaz Cəbhəsinə yollanırdı. Buna görə də Şimali Qafqaz Cəbhəsinin hissələrində “lend-liz” tankları üstünlük təşkil edirdi. İran marşrutu ilə daxil olan tankların sürülüb aparılması məqsədilə 191-ci tank briqadası təşkil edilmişdi.
ABŞ-dan SSRİ-yə “Aerokobra” adlanan qırıcı təyyarələr də gətirilirdi. Dənizlə çatdırılan təyyarələr isə Abanada boşaldılır, sovet mütəxəssisləri tərəfindən oradaca yığılır, həmin təyyarələri elə sovet pilotları da sınaqdan keçirirdi. Sonra isə təyyarələr hava yolu ilə Tehrandakı “Kvali-Margi” aerodromuna gətirilir, orada isə sovet hərbçiləri onların qəbulunu həyata keçirirdi.
Beləliklə, göründüyü kimi Azərbaycan arxa cəbhədə yerləşsə də, ABŞ-la SSRİ arasında həyata keçirilən “lend-liz” uğurla reallaşmasına da layiqli töhfələr verib.
Bakının digər sənaye sahələri daxili tələbatın ödənilməsinə layiqli töhfələr verdi
Xalqımızın qələbəyə töhfəsinin təkcə ön cəbhə ilə məhdudlaşmamasından söz açarkən əsasən Bakıda yerləşən yüngül sənaye müəssisələrinin işini də xüsusi qeyd etməliyik. Müharibədən əvvəl Bakı şəhər İcraiyyə Komitəsi yerli sənayeni əhatə edən yeddi müəssisəni özündə birləşdirirdi. Həmin müəssisələr kimya, trikotaj, metal emalı, ağac işləmə, yeyinti və toxuculuq sahələrinə aid məhsul istehsal edirdi.
1941-ci ilin əvvəlində yerli sənaye Bakı şəhər əhalisinin çoxişlənən mallarla təminatı və zəhmətkeşlərə daha yaxşı xidmət sahəsindəki fəaliyyətini genişləndirmiş oldu. Lakin bütün müəssisələr, rayon və sənaye kombinatları Böyük Vətən müharibəsi başlanan ilk günlərdən istehsal yolunu dəyişərək, əsasən müdafiə tipli məhsulların buraxılmasına keçdi. Ordu üçün döyüş sursatı detalları, qoşqu-araba hissələri, hospitallar üçün mebel, yataq dəstləri, hava hücumundan müdafiə sığınacaqlarında quraşdırılan avadanlıq və bir sıra xüsusi ləvazimatlar həmin məhsullara aid idi.
Müəssisələrdə iş profilinin qəfil dəyişmə prosesi yeni istehsal növlərinin axtarışı, öyrənilməsi və mənimsənilməsi işçi kollektivlərinin gərgin, gücləndirilmiş iş rejimi ilə müşayiət olunurdu. Ordu üçün paltarların tikilməsi və təmiri məqsədilə yerli sənaye müəssisələrinə sistemli şəkildə sifarişlər, tapşırıqlar verilirdi. Belə işlərdə evdə çalışan qadınlar, qızlar, gəlinlər də fəal iştirak edirdi. Onlar verilən tapşırıqları xüsusi ruh yüksəkliyi ilə, canla-başla, yüksək keyfiyyətlə, vaxtlı-vaxtında yerinə yetirirdilər.
Yerli sənaye idarəsinin mebel fabriki işini yenidən qurmaqda xüsusi çətinlik çəkirdi. Müharibədən əvvəl məktəblər üçün mebel, əhalinin çox işlətdiyi müxtəlif növ məhsullar buraxan fabrikə müharibənin ilk günlərindən hərbi tipli arabaların, qoşquların hazırlanması kimi məsuliyyətli tapşırıqlar verildi.
Metal məmulatları zavodu müdafiə tipli məhsulların hazırlanmasını və buraxılmasını tez bir zamanda mənimsədi. Əsgər ayaqqabıları, çəkmələr üçün mallar, ordu dəbilqələri, araba detalları, qoşqu ləvazimatı, yəhərlər, kənd təsərrüfatı inventarı və başqa məhsullar, əsasən, yüksək dəyəri olmayan metalların, digər növ qalıqların bazasında hazırlanırdı.
Müharibəyə qədər əsasən kənardan gətirilən, az tapılan xammalla işləyən kimya zavodu son dərəcə böyük işlərin öhdəsindən gəldi. 1942-ci ildən isə məhsul istehsalında yerli xammal və sənaye tullantılarından istifadəyə başlandı. Müharibə illərində xüsusi məhsullar buraxan yeni sex quruldu. Ətriyyat sexi işə düşdü. Başqa sexlər də iş yönünü dəyişdi.
Hərb illəri ərzində rezin məmulatları fabriki əhəmiyyətli döyüş sursatları, neft sənayesinə gərəkli məhsullar, eləcə də traktor hissələrinin istehsalını mənimsəmiş oldu. SSRİ XKS müharibə şəraitində yerli sənayenin əhəmiyyətini və rolunu yüksək qiymətləndirərək, 1942-ci il 28 avqust tarixli qərarında istehsal planını artıqlaması ilə yerinə yetirdiyinə görə mühəndis-texniki işçilərin əməyini mükafatlandırmaqla tənzimlədi. Zaqafqaziyanın başı üzərində müharibə təhlükəsi olduğu halda Bakı şəhərinin müəssisə, ev-mənzil və idarələrinin təcili surətdə yanğın əleyhinə avadanlıqla təmin olunmasının vacibliyi ilə bağlı kimya zavodu direktorunun təşəbbüsü ilə yanğına qarşı inventar buraxılışı nizama salındı.
Bu məqsədlə tələsik təşkil olunmuş dəmirçi sexində zavod fəhlələrindən ibarət briqada “Qarametaltəchizat”dan alınan dəmir kütləsindən xeyli miqdarda inventar hazırladı. Kimya zavodunun rəng, ayaqqabı mazları üçün xırda qablar düzəldən basma sexi cəbhə üçün silahlarda sellüloid detalların hazırlanmasına keçdi. Kimya zavodu cəbhəni, həmçinin kifayət qədər təkər və çəkmə mazları ilə təchiz etməkdə idi. Zavod hopdurma sexində propitkalar – xüsusi dəridən hazırlanmış üst geyimlər, kombinezonlar, çəkmələr və sair istehsalında da böyük işlər gördü. Sexdə alova qarşı kisələrin də istehsalına başlandı. Zavod on minlərlə belə geyim hazırladı.
Hökumətin tapşırığına əsasən kimya zavodunda ərzaq məhsullarını zəhərləyici maddələrin təsirindən qorumaq üçün xüsusi pasta və duru məhlul da hazırlanıb istehsala buraxıldı. Müəyyən bir dövrdə, Azərbaycanın, eləcə də qonşu respublikaların bir sıra zavodları olduqca vacib bir silahın istehsalını dayandırmaq təhlükəsi ilə qarşılaşdı. Səbəbsə həmin silahın istehsalı zamanı lazım gələn xüsusi lakın yoxluğu idi. Müharibəyə qədər Mərkəzi Rusiyadan gətirilən həmin lakı hazırlamaq üçün Azərbaycanda lazımi xammal tapılmırdı. Texniki rəhbər sutkalarla çalışaraq həmin xammalın əvəzedicisini tapdı. Bundan sonra kimya zavodu həm Azərbaycanın, həm də qonşu respublikaların zavodlarında bu xüsusi laka olan tələbatı tamamilə ödəmiş oldu.
Kimya zavodunun istehsalı olan belə çoxişlənən yeni malların sırasına duru sabun, yuyucu məhlul və buna bənzər məhsullar: diş tozu, üz kremi, vazelin, üz qırxmaq üçün köpüklü şampun, səpməyə qarşı toz və s. məhsullar daxil idi. Yerli Sənaye İdarəsinə məxsus, hələ müharibəyə qədər bağlanmış dulusçuluq sexi də kimya zavodu tərəfindən istismara buraxıldı.
Rezin məmulatlar fabriki 1941-ci ilin sonlarında Rostov-Dondan Bakıya köçürüldü. Köçürülmədən sonra ağır, çətin şəraitdə bərpa olunmasına, ixtisaslı kadrların, avadanlıq çatışmazlığına baxmayaraq, fabrik Bakıda 25 günün içində istismara buraxıldı. 1942-ci ilin əvvəlində fabrikdən neft sənayesinə gərəkli rezin məmulatın istehsalına nail olmaq tələb edildi. Xüsusi çətinliklərə baxmayaraq, həmin istehsal prosesi çox qısa müddətdə mənimsənildi. “Azneftkombinat”ın rezin məmulatlarına olan tələbatı da təmin edilmiş oldu. 1942-ci ilin çətin günlərində, cəbhənin Qafqaza yaxınlaşdığı bir vaxtda fabrik təkcə neft sənayesi üçün deyil, həm də Zaqafqaziya cəbhə komandanlığının sifarişi ilə yandırıcı butulkalar üçün rezin halqaların kütləvi istehsalına başladı.
1943-cü ildə fabrik tərəfindən keyfiyyəti xeyli dərəcədə yüksəldilmiş, istifadə müddəti uzadılmış pambıq qarışıqlı ayaqqabı altı, padoş rezinin istehsalı da mənimsənildi. Metal məmulatları zavodu müharibəyə qədər, əsasən tam dəyərli xammalla işləyərək, çox istifadə olunan mallar və kommunal təsərrüfatı üçün inventarlar, zibil qutuları, xəkəndaz, tas, vedrə, çarpayı, dəmir çəlləklər və sair hazırlayırdı. Müharibənin ilk günlərindən zavodun istehsal səmti dəyişilərək, əsgər dəbilqələrinin, dəmir təbəqədən hazırlanmış qızdırıcıların, kerosin lampaların kütləvi buraxılışına istiqamətləndirildi. Çarpayı sexi çarpayı və tor əvəzinə, maska toru, kirkə, ling, yanğın pilləkəni, kəlbətin istehsal etməyə başladı. Zavodun tökmə sexi isə yanğın əleyhinə armaturların buraxılmasını təşkil etdi.
Ümumilikdə Bakının yerli sənayesi müharibənin gedişində ölkənin sənaye məhsullarına olan tələbatının ödənilməsində tarixi xidmətlər göstərdi.
Digər faktlar da Azərbaycanda xalq təsərrüfatının müharibə illərindəki fədakar əməyindən xəbər verir. Belə ki, müharibə illərində respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi.
Azərbaycanın yeyinti sənayesi müəssisələri də hərbi dövrün çətinliklərini dəf edərək verilən planları artıqlaması ilə yerinə yetirirdilər. Bakı tütün fabriki əməkçilərinin fədakar əməyi Azərbaycan hökuməti tərəfindən dəfələrlə qeyd olunmuşdu. Respublika yeyinti sənayesi işçiləri əhalini xüsusən müharibə şəraitində çox vacib olan “C” vitamini ilə təmin edə bilmişdilər. Ət-Süd Sənayesi Komissarlığı müəssisələrində insulin istehsalı altı dəfə artmışdı.
Müharibə illərində Azərbaycan toxuculuq kombinatı iki dəfə birinci yeri və DMK-nın bayrağını qazanmışdı. Volodarski adına tikiş fabriki dörd dəfə birinci yerə, ÜİHİMŞ və SSRİ Yüngül Sənaye Nazirliyinin bayrağına layiq görülmüşdü. Sərrac-yəhər fabriki, dəri-qalantereya fabriki də mükafatlandırılmışdı.
Kənd əməkçiləri də cəbhəyə bacardıqları qədər yardım edirdilər. Onlar təkcə müharibənin əvvəllərində ordunun fonduna öz şəxsi istifadələrində olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərmişdilər. Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl məbləğində vəsait vermişdilər. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim yola salınmışdı. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və digər məhsullar, eləcə də dərman və sarğı materialı yollamışdılar.
Azərbaycan elminin Qələbənin qazanılmasında tarixi xidmətləri
Azərbaycan xalqı öz nefti ilə yanaşı, öz elmi potensialı ilə də Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsinə sanballı töhfələr verib. Azərbaycan alimləri Böyük Vətən müharibəsi illərində “Hər şey cəbhə üçün! Hər şey düşmən üzərində Qələbə naminə!” çağırışına cavab olaraq gecəli-gündüzlü çalışırdılar. Vətənin başının üstünü qara buludlar alanda onlar bacarıq və biliklərini alman işğalçılarının darmadağın edilməsinə yönəldərək, elmi fəaliyyətlərinin xarakterini kökündən dəyişiblər.
Böyük Vətən müharibəsinin səkkizinci ayında biz artıq yeni şəraitdə çalışan alimlərimizin fəaliyyətinin bəzi uğurlu yekunlarından söz aça bilərdik. Fiziklər, kimyaçılar, energetiklər, botaniklər məsuliyyətli, ölkə üçün çox vacib tapşırıqların yerinə yetirilməsi məqsədilə lazım gələn vaxt möhlətini xeyli azaldaraq, xalq təsərrüfatının müxtəlif sahələrinə, respublikanın neft sənayesinə böyük köməklik göstərirdilər. Onların kəşfləri ordumuz tərəfindən əməli işdə, döyüş meydanlarında öz tətbiqini tapırdı.
Hələ müharibədən əvvəl Azərbaycan alimlərinin qarşısında duran ən vacib məsələ ölkənin yüksək keyfiyyətli yanacaq və sürtkü yağları ilə təminatı idi. Bu vəzifə müharibənin ilk dövründə xüsusilə aktuallaşdı. Xüsusən yeni tip döyüş təyyarələrinin böyük sürət yığması üçün yüksək oktanlı benzin istehsal etmək vacib idi.
Həmin ərəfədə görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etdi. Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya və kimya müəssisələri Y.Məmmədəliyevin ideyası əsasında yüksək oktanlı alkilbenzol və onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə başladı.
Akademik Əli Quliyevin də rolunu xüsusi qeyd etmək istərdim. O, Y.Məmmədəliyevlə birlikdə yüksək keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olub.
Ümumilikdə, alimlərimiz Rüstəm İsmayılovun, Murtuza Nağıyevin, İzzət Orucovanın, Şıxbala Əliyevin həmin dövrdə xidmətləri böyük idi. Onlar 100 növ neft-kimya məhsullarının, o cümlədən 38 növ sürtkü yağının, 9 adda təyyarə benzininin, 8 növ dizel yağının istehsalını təşkil edə bildilər. Onların müharibə illərində Azərbaycan elminin inkişafına verdiyi töhfələr sonradan ölkəmizdə neft-kimya elminin sürətli inkişafına yol açdı.
Əliəşrəf Əlizadə, Sabit Orucov, Süleyman Vəzirov, Musa Əliyev, Əhəd Yaqubov, Baba Babazadə kimi alimləri sayəsində isə Azərbaycan neft sənayesi hasilatın artırılmasında böyük uğurlar əldə etdi.
Müharibə dövründə energetiklərimiz də ölkə üçün çox dəyərli işlər görürdülər. Həmin günlərdə onlardan bir çoxu motorqayırma üzrə xüsusi tapşırıqların yerinə yetirilməsinə keçdilər. Energetika İnstitutunun əməkdaşları müdafiə əhəmiyyəti daşıyan, fərdi istifadə üçün şor suyu şirinləşdirən aparat ixtira etdilər. Boru kəmərində axıntı, sızma yerlərini müəyyənləşdirən yeni üsul da tapıldı.
Fiziklər də Vətənimiz üçün az iş görməyib. Texnika elmləri namizədi Əmirxanovun işləyib hazırladığı şüşə izolyatorların istehsal texnologiyası Azərbaycan Yerli Sənaye Komissarlığı tərəfindən sənaye müəssisələrində tətbiq olunurdu. Fiziklər lümines – soyuq işıq saçan rənglərin alınma texnologiyasını işləyib hazırladılar. Hərbi qurumların təqdir etdiyi bu texnologiya gecə vaxtı iş şəraitini yaxşılaşdırmaq cəhətdən neft sənayesinə dəyərli bir töhfə idi.
Ermənistanın faşizm sevgisi
Böyük Vətən müharibəsindəki tarixi Qələbə bu zəfərin qazanılmasında iştirak edənləri birləşdirən ən böyük mənəvi dəyərdir. Lakin bir məsələni də qeyd etməliyik bu gün Ermənistanın timsalında faşizm üzərində Qələbənin əhəmiyyətinin heçə endirilməsi, əksinə, faşizmə xidmət edənlərin qəhrəmanlaşdırılmasına rast gəlirik. Ermənistanda 2016-cı il mayın 28-də Hitlerin əlaltısı, hərbi cani, sovet məhkəməsi tərəfindən məhkum olunmuş Qaregin Njdenin heykəlinin açılışı olması buna sübutdur. Arxiv materialları əsasında tarixi faktlara nəzər salsaq görərik ki, Njde hitlerçilərlə əməkdaşlıq edirdi, açıq-aşkar və çox fəal şəkildə. Onun başçılığı ilə erməni SS-çilər tərəfindən törədilmiş qanlı cinayətlər barədə arxivlərdə çoxlu məlumat var. Onlar partizanlara qarşı əməliyyatlar keçirib, yəhudiləri və qaraçıları məhv ediblər. 809-cu erməni piyada batalyonu Ukraynada və Polşada o qədər fəallıq göstərib ki, Vermaxtın Ukraynadakı komandanı Gitsinger və Şərq hissələrinin komandanı general-mayor İgen bu batalyonu tərifləyib. Erməni SS batalyonunun tərkibinə daxil olan “Dromedar” zonderkomandası Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-təxribat tədbirləri həyata keçirir, fürsət düşdükcə “untermenş”ləri məhv edirdi. Bir sözlə, Qaregin Njdenin hitlerçi hakimiyyətlə münasibətləri Banderanın və Şuxeviçin münasibətlərindən daha yaxın olub.
Hələ 1942-ci ilin avqustunda “K” təşkilatçı qərargahının işi haqqında qısa hesabat”da nasistlər Şimali və Cənubi Qafqaz xalqlarının və ərazi vahidlərinin idarə olunması prinsiplərini hazırlamışdılar. Onlar bu sənəddə ermənilərin faşizmə xidmətlərinin müqabilində Dağlıq Qarabağı erməni komissarlığına aid etmişdilər.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi ilə əlaqədar çıxışlarında hər zaman Azərbaycanın faşizm üzərindəki Qələbəyə sanballı töhfəsini xüsusi qeyd edir və soyqırımı canisi, Hitler faşizminin nökəri Qaregin Njdeni ifşa edir. Sevindirici haldır ki, ölkə başçısının Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışından sonra Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Njdeyə qoyulan memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul olunub. Prezidentin qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən Ermənistanın yeni hakimiyyəti, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və faşist cəlladına ucaldılan heykəli sökməlidir.
Ötən ay Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Prezident İlham Əliyev bu məsələyə bir daha münasibət bildirərək deyib: “Bəzən müəyyən dairələrin tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylərinin şahidi oluruq. Ona görə bu meylə son qoyulmalıdır, biz bunu yalnız birgə səylərimizlə edə bilərik. O cümlədən Böyük Vətən müharibəsi dövründə baş vermiş hadisələr haqqında həqiqəti gənc nəslə çatdırmaq yolu ilə. Ona görə ki, onlar həqiqəti bilməlidirlər, vətənpərvərlik, əcdadlarının qəhrəmanlığı ruhunda tərbiyə olunmalıdırlar. Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ məkanında, MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Axı, faşizm üzərində ümumi Qələbə naminə ən böyük qurban verən Sovet İttifaqı olub. Buna görə bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və mənim fikrimcə, dünya liderləri bu barədə daha açıq danışmalıdırlar”.
Azərbaycan Silahlı Qüvvələri öz missiyasını layiqincə yerinə yetirəcək
İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı İsrafil Məmmədovun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, əfsanəvi partizan, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin, sinəsini düşmən pülemyotuna sipər edən Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, Fransada qəhrəmanlıq göstərən Əhmədiyyə Cəbrayılovun şücaətləri xalqımıza xas mərdlik və igidliyin tərənnümü idi. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusunun Polşaya hücumu zamanı Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Çox sayda vətən övladları müxtəlif orden və medallarla təltif olundu.
Bu Qələbə həm də Sovet İttifaqı tərkibində yaşamış xalqların birgə mənəvi sərvətidir. Böyük Qələbədən 75 il keçir. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir. Lakin vətənimiz indi də müharibə vəziyyətindədir. Bir vaxtlar alman faşizminə qarşı mübarizə aparan Azərbaycan indi erməni faşizmi ilə üz-üzədir. Torpaqlarımızın bir qismi Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ heç də dünənin “nifaq alması” deyildi. Bu, “almanın” asıldığı sapdan yapışıb getsək, neçə-neçə əsrləri adlayıb, tarixin daha dərin qatlarına gəlib çıxarıq. Böyük Vətən müharibəsi başlayar-başlamaz öz maraqlarını güdən ermənilər tarixin bu dönəmində də fürsətdən istifadə etməyi düşündülər.
Ancaq Böyük Vətən müharibəsinin təcrübəsi göstərir ki, xalqımızın malik olduğu təbii sərvətləri kimi, onun insan resursları, mərdlik, qəhrəmanlıq, hünər mənbələri də bitib-tükənən deyil. Torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə – torpaqlarımızı işğaldan azad etməyə səsləyir.
2016-cı ilin Aprel döyüşləri, Cocuq Mərcanlının azad edilməsi göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Əgər sülh danışıqları nəticəsiz qalarsa və Ermənistan təcavüzkar siyasətini həyata keçirməkdə davam edəcəksə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz sözünü deyəcək və o zaman Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək pozulmuş ərazi bütövlüyümüzü bərpa edəcək.
Böyük Vətən müharibəsinin qalibləri bu amansız müharibədə böyük itkilər vermiş xalqlardır. Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arxa cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir. Çünki Azərbaycan xalqının bu Qələbədəki rolunun kiçildilməsinə, hətta bu Qələbənin xalqımızın tarixi baxımından əhəmiyyətinin heçə endirilməsinə indi cəhdlər var. Lakin keçmişinə xor baxan gələcəyini qura bilməz. Ona görə biz keçmişimizi daha dərindən öyrənməli və təbliğ etməliyik ki, müstəqilliyimizi daha da möhkəmləndirək, dövlətçiliyimi daha qüdrətləndirək. Prezident İlham Əliyevin dediyi kimi “Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik”.