Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 52 %, EBİTDA göstəricisi 85 % artıb.
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.
Baş nazirin sözlərinə görə, 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb.
“Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı Fərmanla yaradılıb. Holdinqin qarşısına qoyulmuş dövlət şirkətlərinin və müəssisələrinin korporativ prinsiplər əsasında idarə olunması, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının yaxşılaşdırılması məqsədlərinə nail olmaq üçün ötən müddət ərzində əsaslı işlər görülüb”, – Ə. Əsədov qeyd edib.