Yüksək templə inkişaf edən Asiya regionun iqtisadiyyatında son 20 ildə illik 6%-lik artım müşahidə olunub. Bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən seminarda Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
S. Şərifov bildirib ki, Asiya ölkələrində iqtisadi inkişafa nail olmaq üçün müxtəlif modellərdən istifadə olunur: “Məsələn, bəzi ölkələrdə ucuz işçi qüvvəsindən istifadə olunur. Azərbaycanda isə zəngin təbii resurslar istifadə olunur ki, bu da iqtisadiyyatı irəli aparır. Lakin daxili və xarici mühit çox dəyişkəndir. Asiya öz artım modellərinə yenidən baxmalıdır. Azərbaycan da bu məsələdə istisna deyil. Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Bu cür artıma təbii resurslar hesabına nail olunub. Azərbaycan iqtisadiyyatı son 10 ildə orta hesabla illik 10% artıb. Bununla yanaşı, xarici təsirlərə də məruz qalıb. Hazırda təbii ehtiyatların qiymətinin dəyişməsi və tükənməsi kimi amillər mövcuddur”.
Nazir qeyd edib ki, bu cür amillər nəzərə alınaraq, Azərbaycan gələcək inkişafını təmin etmək üçün başqa artım modellərindən istifadə edir. “Biz “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasını qəbul etmişik. Bu modeldə əsas prioritet kimi iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun diversifikasiyasını nəzərdə tutulur. Biz bu istiqamətdə kifayət qədər uğurlu iş aparırıq. Bunun nəticəsidir ki, son 3 ildə qeyri-neft sektorundan artım neft sektorundakından yüksək olub. ÜDM məhz qeyri-neft sektorun və sərmayə hesabına artıb. Azərbaycan bu məsələ ilə bağlı haqlı çıxış yolu tapmağa çalışır. Azərbaycan xarici ölkələrin təcrübəsini öyrənərək bu düzəlişləri icra etməyə çalışır”, – deyə S. Şərifov qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan həm siyasi, həm də makroiqtisadi sabitliyi qoruyub saxlamalıdır.
“Eyni zamanda, biz biznes sahəsinin davamlı inkişafını təmin etməliyik. O cümlədən, təhsilə sərmayə yönəldilməsinə çalışmalıyıq. İqtisadiyyatımızın diversifikasiyasında kənd təsərrüfatı, İKT, turizm və xidmət sahələri prioritet sahələrdəndir. Asiya iqtisadiyyatı ilə rəqabət aparmaq bəzən bizi çətin vəziyyətdə qoyur. Çünki bu ölkələrdə ucuz işçi qüvvəsi mövcuddur. Buna görə də biz resurslardan düzgün istifadə etməliyik”, – deyə S. Şərifov vurğulayıb.
APA