Daxili investisiyaların çox hissəsi dövlət müəssisələrinin payına düşüb.
2013-cü il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına yönəldilən vəsait 2012-ci illə müqayisədə 15,1% artıb.
Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.
Komitədən deyildiyi kimi, tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi investisiyaların ümumi həcminin 66,3%-ni təşkil edib.
2013-cü ildə istehsalat yönümlü obyektlərin tikintisinə 8 635,7 milyon manat, qeyri-istehsalat obyektlərinə isə 9 236,4 milyon manat sərmayə qoyulub.
İnvestisiyaların ümumi həcmindən 76,7%-i il ərzində 11,9% artan daxili investisiyaların payına düşüb. Daxili investisiyaların çox hissəsi (70,7%) dövlət müəssisələrinin və təşkilatların, 29,3%-i isə özəl müəssisələrin payına düşüb.
Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 8 012,1 milyon manat (investisiyaların ümumi həcminin 44,8%), bank kreditlərindən – 860,6 milyon manat (4,8%), büdcə vəsaitlərindən – 7 829,2 milyon manat (43,8%), büdcədənkənar fondların vəsaitləri hesabına – 558,7 milyon manat (3,2%), əhalinin şəxsi vasitələrindən – 469,1 milyon manat (2,6%) və başqa vəsaitlərdən – 142,4 milyon manat (0,8%) investisiya qoyulub.
Əsas kapitala qoyulmuş vəsaitlərdən 73% (13 047,3 milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilib, ölkənin neft sektoruna 4 824,8 milyon manat (27%) sərmayə qoyulub. Göstərilən dövrdə qeyri-neft sektoruna əsaslı vəsaitlər 12,1%, neft sektoruna isə 24,2% artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə 39,6% investisiya sənaye sahələri, 19,6% nəqliyyat və anbar təsərrüfatı, 3,2% kənd təsərrüfatı, 7,5% daşınmaz əmlakla əməliyyatlar, 6,7% dövlət idarəçiliyi, 4,8% istirahət, əyləncə və incəsənət, 5,5% tikinti, 1,1% rabitə və informasiya, 4,4% təhsil, 2% – inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,6% ticarət, 0,4% turistlərin yerləşdirilməsi və iaşə, 0,1% peşəkar, texniki və elmi fəaliyyətin payına düşüb.
Trend.az