2020-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dövlət Stastika Komitəsinin 2020-ci ilin yanvar-iyul ayları üçün açıqladığı məlumata əsasən, ən çox kapital yönəldilən sahələrin bəzilərində kəskin artım, bəzilərində isə azalma olub.
Belə ki, ən çox artım olan sahələr bunlar olub: peşə, elmi və texniki fəaliyyət (7 dəfə), ticarət, nəqliyyat vasitələrinin təmiri (62%), emal sənayesi (50%).
Ən çox azalma olan İqtisadiyyatın sahələri isə daşınmaz əmlakla əlaqədar əməliyyatlar (81%), poçt və kuryer fəaliyyəti (56%), inzibati və yardımçı xidmətlərin göstərilməsi (53%), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsidir. (49%)
2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,7 faizi sənaye, 21,4%-i tikinti, 12%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, hər birində 1,3% olmaqla informasiya və rabitə, təhsil, 0,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5% olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3% olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.