13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan İtaliya ilə 1-2 mlrd. avroluq silah satışı üzrə danışıqlar aparır

Azərbaycan bir müddətdir İtaliya ilə iriçaplı silahların alınması ilə bağlı danışıqlar aparır.

Bu barədə “La Repubblica” nəşri yazıb.

Bakının siyahısına təlim təyyarələri, avtomatlar, özüyeriyən zenit silahları, yer-hava tipli raket batareyaları, nəqliyyat təyyarələri və mini sualtı qayıqları daxildir.

Xəbərə görə, sövdələşmənin 1-2 milyard avro dəyərində olduğu təxmin edilir. Artıq bir neçə aydır iki ölkənin Müdafiə nazirlikləri arasında “Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi planına İtaliyanın töhfəsi”ni müzakirə edən “texniki masa” yaradılıb. Danışıqlar İtaliya Müdafiə Nazirliyinin ofisində keçirilir.

Məqalədə xatırladılır ki, iyun ayında İtaliyanın təhlükəsizlik və müdafiə sənayesi şirkəti “Leonardo” taktiki nəqliyyat təyyarəsinin ən təkmil versiyası olan iki turbinli “C27J Spartan”ın Azərbaycana satışını elan edib:

“Əslində, bütün müqavilələr hələ də hərbi ixraca nəzarət edən qurum (UAMA) tərəfindən bloklanır. UAMA-nın qaydalarına görə, hərbi ləvazimatların müharibə şəraitində olan ölkəyə verilməsi mümkün deyil və Azərbaycan da 30 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsində tərəfdir. Təbii ki, həmin bölgədə sualtı qayıqlardan istifadə olunacağını güman etmək olmaz. Bu, ixrac sorğusunda vurğulanan bir cəhətdir, amma qanunun meyarları ciddidir və hətta mini sualtı qayıqlar Azərbaycan qüvvələrinin ümumi gücünü artıracaq”.

“La Repubblica” yazır ki, mini sualtı qayıqlar Bakının ən çox əldə etmək istədiyi hərbi texnikadır: “Kiçik ölçülərə, lakin ölümcül gücə malik bu qayıqlar dörd torpeda ilə təchiz olunub. Onlar Xəzər dənizinin dayaz sularında fəaliyyət göstərmək üçün idealdır”.

Nəşr Azərbaycanın Xəzərdə İran və Rusiya donanması ilə üz-üzə olduğuna diqqət çəkir: “Lakin uzun müddətli görüşlərdən sonra artıq Azərbaycanın İtaliyanın vetolarına səbri tükənmiş kimi görünür və bu ölkə Türkiyə və İsraildə alternativ istehsalçılar axtarmağa başlayıb. Eyni risklər “Leonardo”nun M346 təyyarələri, qırıcı-bombardmançı təlim təyyarələri ilə də baş verir. Çünki üç il əvvəl Romadan icazə almadan şirkətlə memorandum imzalanıb”.

“La Repubblica” qeyd edir ki, bütün bunlar Bakı ilə Roma arasında münasibətlərin ən mühüm aspektinə mənfi təsir göstərə bilər. Çünki bu gün Rusiya qazını kompensasiya etmək üçün vacib olan qaz tədarükünü Azərbaycan təmin edir və bu ölkə İtaliyanın ikinci təchizatçısıdır.

Nəşr xatırladır ki, bu məsələni İtaliyanın müdafiə naziri Quido Krosetto da bir neçə həftə əvvəl yerli mediaya müsahibəsində açıq şəkildə bəyan edib: “Hətta bu yaxınlarda başa düşmədiyim şeylər gördüm: biz Rusiya qazından asılılığı Azərbaycanla əməkdaşlıq sayəsində aradan qaldırdıq və lazım olanı əldə etdikdən sonra münasibətləri davam etdirməkdə çox tərəddüd gördüm. Məsələn, müdafiə sektorunda. Lakin hansısa xətt seçilərsə, bəzi müttəfiqlərimiz məmnun olmasa belə, biz bu xətlə getməliyik”.

“La Repubblica” İtaliyanın bu müttəfiqinin ABŞ olduğuna işarə edir: “Təbii ki, bu müttəfiq Azərbaycan qazının tədarükünü ikiqat artırmaq üçün paktı imzalayan Avropa İttifaqı deyil”.

Nəşr onu da qeyd edir ki, hazırda bu məsələ ilə bağlı İtaliya Müdafiə Nazirliyi və UAMA arasında narazılıq var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər