Azərbaycanda 2024-cü ilin ilk yarısında karbamid gübrəsinin istehsal həcmi illik müqayisədə 2 dəfə artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, hesabat müddətində 304.6 min ton karbamid gübrəsi istehsal edilib.
Qeyd edək ki, keçən il karbamid istehsalı 49.7 faiz azalaraq 151.5 min tona düşmüşdü.
2022-ci ilin ilk yarısında isə karbamid istehsalı 450 min ton olmuşdu.
Azərbaycan istehsal etdiyi karbamidin böyük hissəsini xaricə satır. 2023-cü ildə Azərbaycan 362.21 min ton mineral gübrə ixrac etmişdi. İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $83 milyon (azalma 60.4%) olub.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.