13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan kartofuna tələbat artıb – Rusiya bazarlarına 900 TIR-dan çox məhsul daşınıb

Artıq bir aydan çoxdur ki, Cəlilabad rayonunda yazlıq faraş kartofun yığılması davam edir. Sahələrdən tədarük olunan məhsulun ixrac prosesində hər hansı ləngimə və ya problem yaşanmır. Fermerlər bildirirlər ki, mövsüm başlayandan indiyədək Rusiya bazarlarına 900 TIR-dan çox kartof daşınıb.

Əliqasımlı kəndindən olan fermer Vahid Ağayev bu il 25 hektar sahədə kartof əkib və bol məhsul əldə edib. O, kartofu qablaşdıraraq Rusiya bazarlarına göndərir. Deyir ki, Rusiya bazarlarında Azərbaycan kartofuna tələbat çoxdur: “Rusiya bazarı ilə yanaşı, Gürcüstan, Ukrayna və Moldovada da bizim kartofa tələbat çoxdur. Məhsuldarlıq da yaxşıdır. Hər hektara 30 tona yaxın məhsul götürürük, bu da bizə sərf edir”.

Əkin zamanı toxum əsasən Rusiya və Türkiyədən gətirilsə də, yerli kartof toxumlarından da istifadə olunub.

Fermer Azad Bədirov son 3 ildə əkin sahələrində üstünlüyü yerli toxumlara verir. Deyir ki, yerli toxumlar heç də Rusiyadan gətirilən toxumlardan geri qalmır. “Sertifikatlı toxumların gətirilməsində bizə dəstək olarsa, məhsuldarlığı iki dəfə artıra bilərik. İndi məhsuldarlıq 25-30 tondursa, biz onu 50 tona çatdıra bilərik”, – deyə o əlavə edir.

İstehsalçı Tahir Niftullayev isə bildirir ki, ötən il məhsul satışında problemlər yaşansa da, bu il alıcı sayı yaxşıdır: “Xarici ölkələrə də satırıq. Yəni məhsulumuzu 60-70 qəpiyə sata bilirik. Keçən il isə 20 qəpiyə belə sata bilmədik. Qalıb sahədə çürüdü. Amma bu il hər şey öz qaydasında gedir”.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovun sözlərinə görə, məhsuldarlıq qənaətbəxşdir, qiymətlər də münasibdir. Bu günədək təsərrüfatlarda istehsal olunan 38 min 300 ton məhsulun 30 min tonundan çoxu xarici bazarlara göndərilib. Bununla yanaşı, bəzi kartof istehsalçıları paytaxtdakı iri ticarət mərkəzlərində “Təbiətdən süfrəyə” devizi ilə özləri öz məhsullarının satışını həyata keçirirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər