Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn seminar keçirilib.
Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də iştirak edib.
Nazir Pərviz Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində reallaşan strateji enerji layihələri əməkdaşlığımızın yalnız iki ölkənin deyil, dünyanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Türkiyənin elektrik enerjisi bazarı və bərpa olunan enerji sahəsində nailiyyətləri və bu isitiqamətdə əməkdaşlığımız da ölkəmizin elektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcəkdir.”
Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsinin hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin də Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 MVt olan külək və günəş elektrik stansiyaları ilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazara keçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə çıxışında iki ölkənin birliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, o cümlədən TANAP-ın isə Türkiyə və Avropann enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzun illərdir uğurla tətbiq edildiyini, yüksək keyfiyyətli, rəqabətədavamlı sistemin yaradıldığını, bərpa olunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən Fatih Dönməz bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və Elektrik Enerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edən seminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesində yaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması, subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili, idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindən istifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.