Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında mis konsentratı istehsalı 10,7 min ton təşkil edib ki, bu da hasilatçı “Anglo Asian Mining”mədən şirkətinin proqnozları ilə təqribən üst-üstədir .
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 dəfə çoxdur. Avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 1 908,4 ton hazır mis konsentratı ehtiyatı olub.
Hesabat dövründə gümüş istehsalı 2 154 kq təşkil edib ki, bu da illik müqayisədə 15% artım deməkdir. Anbarlarda 600,4 kq gümüş ehtiyatı olub.
Qızıl istehsalı isə 1 637,4 kq təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12,1% azalıb. Avqustun 1-nə müəssisələrin anbarlarında 162,5 kq hazır qızıl ehtiyatı olub.
Britaniyanın “Anglo Asian Mining” şirkəti də Azərbaycandakı fəaliyyətində mis hasilatını ön plana çıxarır. Şirkət 2026-cı ildə mis hasilatını 20-25 min tona çatdırmağı, orta müddətdə isə yeni layihələrin hesabına illik istehsalı 50-55 min tona yüksəltməyi planlaşdırır. 2026-cı ilin ilk yarısında şirkətin mis hasilatı 8 840 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.







