Azərbaycan istehsalçılarına məhsullarını Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri – “X5 Group”un xüsusi rəflərində təqdim edilməsi təklif olunub.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, MDB-nin İqtisadi İnkişafı üzrə Biznes Mərkəzi” Assosiasiyasının Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “X5 Group” ilə imzaladığı malların rəflərə sadələşdirilmiş çıxışı hesabına keyfiyyətli məhsul çeşidinin artırılması haqqında razılaşmasına əsasən, Assosiasiya MDB ölkələrindən olan məhsulların brendləşmiş rəflərini təşkil edir. Rəflər kassa zonasında, maksimum istehlakçı aktivliyi müşahidə olunan yerlərdə yerləşir. Brendləşmiş rəfdə məhsulların qalma müddəti 90 gündür. Sözügedən müddətin nəticələrinə görə, istehsalçı ilə pərakəndə satış şəbəkəsi arasında birbaşa müqavilə imzalanması barədə qərar qəbul olunacaq.
Xüsusi beynəlxalq proqramda iştirak etmək üçün məhsulları sözügedən rəflərdə təqdim olunacaq 20 istehsalçı seçiləcək.