BANKER.AZ – Pandemiyanın məcmu tələbə və təklifə azaldıcı təsirləri şəraitində rəsmi statistikaya görə cari ilin 11 ayında Ümumi Daxili Məhsul real olaraq 4.3%, o cümlədən, qeyri-neft sektoru üzrə 2.9% azalmışdır.
Mərkəzi Bank bununla bağlı 18 dekabr tarixində faiz dəhlizinin parametirlərinə dair açıqlamada qeyd edib ki, pandemiya iqtisadiyyatın ayrı-ayrı sahələrinə təmas səviyyəsindən asılı olaraq fərqli təsir göstərir.
Bildiyimiz kimi, iqtisadiyyatın aşağı təmas sahələrindən olan qeyri-neft sənayesində 11.3%, kənd təsərrüfatında isə 2% iqtisadi artım qeydə alınıb.
(Həftənin bu gün reallaşan iclasda AMB uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirib.)
Mərkəzi Bank qeyd edib ki, biznesin inam indeksi üzrə müsbət meyillər müşahidə edilib:
“İqtisadi aktivlik üzrə operativ indikatorlar real sektorda bərpa proseslərinin getdiyini göstərir. Real sektor müəssisələrinin monitorinqinə görə noyabrda Biznes İnam İndeksi ötən aya nəzərən qeyri-neft emalı, ticarət, xidmət sektorlarında artım meyilli olmuş, tikintidə eyni səviyyədə qalmışdır”.
“Xarici mühitin yaxşılaşması və təxirə salınmış tələbin aktivləşməsi hesabına 2021-ci ildə iqtisadi artımın bərpası proqnozlaşdırır. Pandemiyanın milli iqtisadiyyatın strukturuna uzunmüddətli təsirləri ilə bağlı qeyri-müəyyənliklər qalır”- deyə AMB-nin açıqlamasında qeyd edib.
Requlyator qeyd edir ki, fiskal stimullar və kredit axınlarında azalmanın qarşısının alınmasına yönəldilmiş tədbirlər də 2021-ci il üzrə iqtisadi artım proqnozlarının reallaşmasını dəstəkləyəcək: “İşğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı iqtisadi quruculuq planları 2021-ci ildə iqtisadi artımın bərpası ilə bağlı nikbinliyə əlavə dəstək verəcəkdir”.
BƏS HÖKUMƏTİN İLKİN PROQNOZU NƏDİR?
Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında İqtisadiyyat Nazirliyinin 3 ssenari üzrə proqnozlar verdiyini bildirib.
3 ssenari dedikdə neftin bir barelinin qiymətinin 35, 40, 45 ABŞ dollarını (Brent nefti) nəzərdə tutur. İN-nin 2021-ci ildə Azərbaycan iqtisadiyyatının neft üzrə proqnoz edilən ssenarilərin hər üçündə nikbin proqnoz verir. Hətta neftin qiyməti 35 $/barel olsa belə gələn il ərzində ölkə iqtisadiyyatında (ÜDM) 3% artımın proqnoz edilir. Ümidverici proqnoz reallaşarsa, yəni, neftin bir barelinin dəyəri 45$ olarsa, o zaman, iqtisadiyyatımızda 3.8% üzərində inkişaf gözlənilir.