10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Mərkəzi Bankı ehtiyatları hesabına valyuta satışları aparılmasını nəzərdən keçirir

Azərbaycan Mərkəzi Bankı (AMB) sərəncamında olan valyuta ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarını nəzərdən keçirir.

Bunu müsahibəsində AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev bildirib.

“İzafi pul təklifinin yaratdığı potensial təhdidləri nəzərə alaraq Mərkəzi Bank valyuta bazarındakı vəziyyətdən asılı olaraq manatla likvidliyin sterilizasiyası məqsədilə öz ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarınıda nəzərdən keçirir. Bununla dövlətin valyuta komponentli xərclərlə bağlı tələbatı da ödənmiş olacaqdır”, – E. Seydiyev qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları son illər artır: “AMB-nın valyuta ehtiyatlarının dəyişimi valyuta bazarına müdaxilədən və ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlərdən təsirlənir.

Məlum olduğu kimi, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyuta bazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün AMB tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Alış yönümlü müdaxilələr manatla pul təklifinə ekvivalent məbləğdə (2022-2023-cü illərdə 7 milyard manatdan çox) artırıcı təsir edib. Bu şəraitdə məlum olduğu kimi, Mərkəzi Bank pul təklifinin izafi genişlənməsinə yol verməmək üçün öz alətləri ilə (məcburi ehtiyatlar, daimi imkan və açıq bazar əməliyyatları) sterilizasiya əməliyyatlarından istifadə edir”.

Qeyd edək ki, avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,2 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,3 %, son 1 ildə isə 27,3 % artıb.

Son xəbərlər
Digər xəbərlər