Azərbaycanda iqtisadi fəallıq gözləntiləri üstələyir, məşğulluq yüksəlir.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirir.
2022-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul real ifadədə 7.2%, o cümlədən qeyri-neft sektoru üzrə 11% artmışdır. Qeyri-neft sektorunun ticari sahələrində daha yüksək artım müşahidə edilir. Bununla belə son aylarda qeyri-ticari sahələrdə də artım tempi yüksəlməkdədir.
İqtisadi artımı həm daxili, həm də xarici tələb dəstəkləyir. 2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3.1%, qeyri-neft investisiyalarının həcmi isə 14.6% artmışdır. Qeyri-neft ixracı isə 5 ayda ötən ilin müvafiq dövrünə nəzərən 30.9% artmışdır.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında biznes inam indeksinin yüksəlməsi may ayında da davam etmişdir. Mayda qeyri-neft sənayesi üzrə icraya qəbul edilmiş sifarişlər və istehsal gözləntiləri, ticarətdə faktiki satışlar və xidmətdə faktiki tələb əvvəlki aya nəzərən yüksəlmişdir. Orta və kiçik biznesdə istehsal güclərindən istifadə səviyyəsi yüksəlir.