Azərbaycan 2023-cü ilin mart ayında İtaliyaya neft ixracının həcminə görə birinci olub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən verilən məlumata görə, yanvarda Azərbaycan İtaliyaya neft ixracı üzrə ikinci, fevralda isə üçüncü pillədə qərarlaşıb.
Martda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21.6% artaraq 5.416 milyon ton təşkil edib.
Hesabat dövründə İtaliyaya neft tədarükçülərinin beşliyinə Azərbaycan (973 min ton: “Azeri Light” – 617 min ton, “Azeri Blend” – 357 min ton), İraq (738 min ton), Səudiyyə Ərəbistanı (718 min ton), Qazaxıstan (504 min ton) və Liviya (489 min ton) daxil olub.
2023-cü ilin mart ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 40.4% artıb, cari ilin I rübündə (2022-ci ilin I rübü ilə müqayisədə) 18.7% azalaraq 2.183 milyon ton təşkil edib.
Rusiya ardıcıl dördüncü aydır ki, İtaliyaya ixrac həyata keçirmir.
Martda “Azeri Light” markalı neftin bir bareli $86.21-ə (azalma 30%), “Azeri Blend”in bir bareli $84.27-yə (azalma 29%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $83.04 və $83.74-ə alınıb.
Hesabat dövründə İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82.54 (2022-ci ilin mart ayında $115.70) təşkil edib. Ən bahalı neft növü “Escravos” ($99.38), ən ucuz neft növü isə “Bravo” nefti ($70.29) olub.