9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan “Masdar” şirkəti ilə “yaşıl enerji” sahəsində 4 memorandum imzaladı

Martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

“Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar. Memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.

Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

Hər iki memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində, həmçinin “Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumları imzalanıb.

Xatırladaq ki, investisiya dəyəri $225 mln.-dan çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.

 

samir nuriyev masdar

masdar perviz shahbazov

masdar memorandum

memorandum masdar

Son xəbərlər
Digər xəbərlər