Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.
Bu barədə Mərkəzi Bankın press-relizində deyilir.
Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı 27.9% artmış, idxal isə 15.7% azalmışdır. Xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları artmışdır.