Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santuş kayresında müxtəlif uğurlar əldə edib.
69 yaşlı mütəxəssisin futbolçu karyerası elə də parlaq olmayıb. Sabiq müdafiəçi 1973-1987-ci illərdə yalnız “Eştoril” və “Maritimo”nun formasını geyinib.
Santuş məşqçilik karyerasına isə 1987-ci ildə start verib. O, 1987/1988 mövsümündə “Eştoril”də köməkçi məşqçi olub. 1994-1998-ci illərdə “Estrela da Amadora”ya rəhbərlik edib. Tanınmış mütəxəssisin uğurları məhz əsrin sonlarından başlayıb. O, 1998/1999 mövsümündə “Portu” ilə Portuqaliya çempionu olub. 1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.
Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2022 mövsümündə AEK-i Yunanıstan çempionu edib. Daha sonra “Panatinaikos” (2022), “Sportinq” (2003/2004), AEK (2004-2006), “Benfika” (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.
2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/2019 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub. Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfedarasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuşun iki işi qısa çəkib: tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin “Beşiktaş” klubunda çalışıb.
Təcrübəli baş məşqçi 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.
Qeyd edək ki, AFFA onunla 2028-ci Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.