Azərbaycanda minatəmizləmə ilə bağlı konfransın keçirilməsi bu məsələnin işıqlandırılması və beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün yaxşı fürsətdir.
Bunu jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O qeyd edib ki, tədbirdə 300-dən çox beynəlxalq ekspert iştirak edib: “Fikrimcə, bir çox ölkələr artıq yardım üçün marağını ifadə edib, Səudiyyə Ərəbistanı da bu ölkələrdən biridir. Avropa İttifaqı bu yardımın böyüdülməsi istiqamətində işlər görməyə hazır olduğunu bildirib. Azərbaycan mina problemi ilə bağlı öz məsuliyyətini dərk edərək minatəmizləmə ilə bağlı işlərin maliyyəsinin 95 faizini özü qarşılayıb”.
E.Əmirbəyov vurğulayıb ki, beynəlxalq ictimaiyyət mina probleminin aradan qaldırılmasına lazımi diqqəti yetirməlidir.
“Ermənistanın humanitar və mənəvi borcudur ki, mina xəritələrini tam şəkildə Azərbaycana versin. Biz bilirik ki, Ermənistanın indiyə qədər bizə verdiyi mina xəritələrində doğruluq faizi çox azadır, ona görə də ANAMA və digər qurumlar tərəfindən onlar nəzərə alınmır”, – E.Əmirbəyov deyib.