Azərbaycan mobil internetin qiymətinə görə dünyada 122-ci yerdə qərarlaşıb.
Bu barədə Böyük Britaniyanın cable.co.uk portalının apardığı araşdırmaların nəticələrindən məlum olub.
Qeyd edək ki, portalın hesabatında ümumiyyətlə 233 ölkənin mobil operatorları tərəfindən təklif olunan 5 mindən çox tarif planı təhlil edilib.
Belə ki, Azərbaycan istifadəçilərinə 1GB mobil internetin trafiki orta hesabla 1.76 ABŞ dollarına başa gəlir. Bu, bir il öncəki göstəricidən 3.3% azdır. Dünyada mobil internetin ən ucuz olduğu ölkələrin ilk üçlüyünə İsrail (0.04 dollar), İtaliya (0.12 dollar) və San-Marino (0.14 dollar) daxil olub. Ən bahalı internet isə Müqəddəs Yelena, Folklend və Sao Tome və Prinsipidə olub ki, bu ölkələrdə 1 GB internetin qiyməti müvafiq olaraq 41.06 dollar, 38.45 dollar və 29.49 dollar təşkil edir.
Qeyd edək ki, bu ölkələrin üçü də ada ölkələridir.