2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34.93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb.
Bu barədə “Speedtest Global Index”in hesabatında bildirilir. Azərbaycan noyabr ayına nisbətən 3 pillə geriləyib.
Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169.51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5.18 MB/S) qərarlaşıb.
Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə 2 pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.15 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225.71 MB/S), sonuncu yerdə isə Kuba (1.91 MB/S) qərarlaşıb.
Ötən il şəhərlərin renkinqində Bakı mobil internetin sürətinə görə 1 pillə geriləyərək 37.94 MB/S sürətlə 76-cı yerə sahiblik edib.
Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan paytaxtı 29.5 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 4 pillə geriləmə deməkdir.
Şəhərlərin renkinqi üzrə isə mobil internetdə 172 şəhər, sabit genişzolaqlı internetdə isə 194 şəhər rəqabət aparır.