Azərbaycan son bir ildə yerli təsərrüfatlarda qoyunların sayındakı azalma tendensiyası fonunda xaricdən onların idxalı sürətlənib. İdxal coğrafiyasına Monqolustanla paralel Somali də qoşulub.
Banker.az xəbər verir ki, 2025-cü ilin ilk 10 ayında ölkə dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib və bunun dəyəri 1,94 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 65 faiz artımdır. İdxalın əsas hissəsi – 244,66 ton və ya 979,55 min dollar ilə Monqolustanın payına düşüb. Oktyabrdan etibarən idxalda Somalidən də 46,5 ton (960 min dollar) dondurulmuş qoyun əti gətirilib.
İdxalçı şirkətlər cari ilin ilk 9 aya qədər yalnız Monqolustandan 147,43 ton dondurulmuş qoyun əti gətirmişdilər və idxalın dəyəri 589,72 min dollar olub.
Azərbaycanda qoyun əti təchizatını daxili bazarla paralel idxalla qarşılayır və əsasən də diri şəkilində qonşu Gürcüstan və Rusiyadan alır. Car ilin ilk 10 ayında ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89 faiz üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub.
YERLİ İSTEHSAL…
Qoyun əti idxalındakı sürətlənmə ölkənin daxili saylarında davam edən azalma ilə üst-üstə düşür. Son illərdə iri və xırdabuynuzlu heyvanların sayında daimi azalma müşahidə olunur. 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib. Bu, 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir.
Məhsul təklifinin azalması nəticəsində qiymətlər son dörd il ərzində yüksəlib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalar görə 2021-ci ildə 1 kiloqram qoyun ətinin orta qiyməti 11,9 manat idisə, 2025-ci ilin sentyabrında 18,7 manata çatıb – 57 faizlik artım. Mal ətinin qiyməti isə 10,5 manatdan 15,8 manata yüksəlib, bu da 50 faizə yaxın bahalaşmadır.
Aparılan araşdırmalarda supermarketlərdəki bu dondurulmuş qoyun ətləri 17 manat ətrafında və ya endirimlərlə 12-14 manat ətrafında satılır. Qeyd edək ki, Monqolustan və Somalinin ətinin nisbətən ucuz olması həmin ölkələrdə qoyunçuluğun geniş otlaq şəraitində, aşağı istehsal və əmək xərcləri ilə həyata keçirilməsi, həmçinin böyük sürülərin mövcudluğu ilə bağlıdır. Bu səbəbdən həmin ölkələr dünya bazarında ucuz qiymət təklif edən ölkələr kimi çıxış edir.
Hazırda daxili bazarda yerli qoyun əti ilə bağlı fərqli qiymətlər təklif edilir. Lakin qoyun əti üçün ortalama 20 manat üzəri, dana əti isə 17-20 manat aralığında dəyişir.







