9 C
Baku
Monday, November 18, 2024

Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu 2022 çərçivəsində “Anadolu” Agentliyinin müxbirinə Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirib.

O, bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavabını gözləyir.

“Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycan torpaqlarını zorakılıq yolu ilə işğal edib. Azərbaycan vətəndaşları didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, işğalla bağlı heç bir nəticə əldə oluna bilməyib. Bu, həm də münasibətlərimizin qurulmasına əngəl törədib”, – deyə XİN rəhbəri bildirib.

C.Bayramov 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başlayan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bu məsələ ilə bağlı çox aydın mesajlar verdiyini ifadə edib.

“Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə uyğun olaraq öz fikrimizi bildirdik. “Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazırıq” dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”, – deyə Bayramov qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər