ABŞ-İsrail və İran gərginliyi fonunda Hörmüz boğazındakı mümkün tədarük riski “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti daha da artırıb.
Banker.az bazardakı mənbəyə istinadən xəbər verir ki, Azer Light-ın bir barelin spot qiyməti 4.3 ABŞ dolları və ya 3.36 % yüksələrək 132.35 ABŞ dollarına çatıb.
Bununla da Brentin günlük ən yüksək qiyməti ilə “Azer Light”ın arasındakı fərq hər barel üzrə 24 dollar olub.
Hörmüz boğazında neft axınının dayanması və İran müharibəsi səbəbindən hasilatın pozulması analitikləri 2026-cı il üzrə qiymət proqnozlarını kəskin artırmağa məcbur edib. Mart ayında keçirilən Reuters sorğusuna əsasən, Brent markalı neftin orta qiymətinin 2026-cı ildə 82.85 dollar olacağı gözlənilir ki, bu da fevral proqnozundan təxminən 30% yüksəkdir. ABŞ neftinin orta qiymətinin isə 76.78 dollar olacağı proqnozlaşdırılır. Münaqişə fevralın 28-dən bəri hər iki etalonun qiyməti təxminən 60% artıb.
Dünya neft və LNG tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazının faktiki bağlanması bazarda ciddi çatışmazlıq yaradıb. OPEC+ üzrə hasilatın ikinci rübdə gündəlik 11 mln. barelə qədər azalacağı gözlənilir. Analitiklər uzunmüddətli bağlanma halında qiymətlərin 147–190 dollar aralığına qədər yüksələ biləcəyini bildirir. Beynəlxalq Enerji Agentliyi bazarı sabitləşdirmək üçün 400 mln. barel strateji ehtiyat buraxıb.
Bazar iştirakçıları bildirir ki, son dövrdə Azərbaycanın BTC (“Azeri BTC”) və Qazaxıstanın “CPC Blend” neft markalarının qiymətlərində də kəskin artım müşahidə olunur. Artım yuxarıda qeyd etdiyimiz məsələ ilə əlaqəlidir. Nəticədə Aralıq dənizi bazarında bu markalar üzrə qiymət artımı fərqi Brent neftini xeyli üstələyib.
Avropada neft və neft məhsullarının qiymətlərinin yüksəlməsi də davam edir. Buna səbəb isə emal zavodlarının Yaxın Şərqdəki təchizat problemlərinə görə alternativ xammal mənbələri axtarmasıdır.
Son aylarda “CPC Blend” və “Azeri BTC” əsasən Avropa və Aralıq dənizi bazarlarına yönəlib. Bu isə həm coğrafi yaxınlıq, həm də Avropa zavodları üçün texniki uyğunluqla izah olunur.
Bazar mənbələrinin məlumatına görə, “CPC Blend” nefti mart-aprel yükləmələri üzrə Brent markasına nisbətən 1–2 dollar mükafatla ticarət olunub. Bu isə əvvəlki dövrdə müşahidə edilən 5 dollara qədər diskontların əksinə dönüş deməkdir.
Qeyd olunur ki, bu marka üzrə ixrac son aylarda bir sıra amillər səbəbindən pozulub. Bunlara pis hava şəraiti, Qara dənizdə dron hücumları və Qazaxıstandakı Tengiz yatağında əməliyyat problemləri daxildir. Həmçinin tankerlərə hücumlar və artan sığorta-logistika xərcləri bazarda qeyri-müəyyənliyi artırır.
Digər tərəfdən, iki həftə öncəki məlumata görə, Azərbaycan nefti olan “Azeri BTC” üzrə ixrac sabit qalır. Avropada təklifin məhdud olması fonunda bu yüngül və aşağı kükürdlü neft markasına tələbat artıb. Treyderlərin sözlərinə görə, aprel yükləməli partiyalar hazırda 5–6 dollar yuxarı qiymətlə satılır, bəzi hallarda isə bu göstərici 8–9 dollara qədər yüksəlirdi.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.







