Milli Məclisin bir qrup deputatı Belarusda keçirilən prezident seçkilərini müşahidə etmək üçün yanvarın 24-dən 27-nədək bu ölkənin Minsk şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Milli Məclisin sədr müavini MusaQasımlı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə və deputat Bəhruz Məhərrəmov ikitərəfli əsasda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB İcraiyyə Komitəsinin, deputatlar Xanlar Fətiyev və Sabir Hacıyev isə MDBPA-nın xətti ilə Belarusda yanvarın 26-da keçirilən prezident seçkilərinə hazırlıqla tanış olublar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyiblər.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçkinin nəticələri ilə bağlı şərhində bildirib ki, müşahidəçilər üçün qanunvericilikdə nəzərdə tutulmuş şərait yaradılıb: “Beynəlxalq müşahidəçi qismində Azərbaycan parlament nümayəndə heyəti olaraq Milli Məclisin sədr müavini Musa Qasımlı və parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə ilə birlikdə Belarusda keçirilən prezident seçkilərinin gedişatını Minsk və Zaslau şəhərlərində izlədik. Seçkilər kifayət qədər sakit, ictimai qayda və asayişin təmin olunması şəraitində, seçki fəallığı ilə müşahidə olundu. Seçicilər çox rahat və şəffaf şəraitdə iradələrini ifadə edə bildilər. O cümlədən müşahidəçilə üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərait yaradıldı ki, proseslə bağlı hüquqlarını həyata keçirsin”.