“OPECplus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı. Azərbaycan üçün gündəlik kvota 717 min barreldir.
Banker.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Həmçinin, Energetika Nazirliyindən Banker.az-a verilən məlumatda deyilir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 32-ci iclasında oktyabrda 2022-ci ilin sentyabr ayındakı səviyyədən 100 min barrel az olmaqla avqustdakı həcmdə gündəlik neft hasil edilməsi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da dəstəyini ifadə edib. Yeni qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulur.
Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 855 min barrel təşkil edir ki, bu da ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricilərinə bərabərdir.