Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də yanvar reytinqi ilə müqayisədə 4 mövqe yüksələrək Uqanda ilə 72-ci yeri bölüşüb. Bu barədə şirkətin 2023-cü ilin üçüncü rübünə dair hesabatında bildirilir.
Yanvar ayında Azərbaycan Dominikan Respublikası və Tunislə 76-cı yeri bölüşüb.
Cənubi Qafqazın digər dövlətlərinə gəlincə, bu dəfə Gürcüstan 48-ci yerdə (117 vizasız istiqamət), Ermənistan 74-cü yerdə (Filippin və Kabo-Verde ilə, 66 vizasız istiqamət) qərarlaşıb.
Yaponiya 5 il ərzində ilk dəfə dünyanın ən güclü pasport reytinqinə liderlikdən 3-cü yerə enib. Sinqapur lider mövqeyinə yüksəlib. Almaniya, İtaliya və İspaniya 190 ölkəyə vizasız getmək hüququ ilə ikinci yerə yüksəlib. Avstriya, Lüksemburq, Finlandiya, Fransa, İsveç, Cənubi Koreya və Yaponiya üçncü yeri bölüşüblər. Sonuncu,103-cü yerdə Əfqanıstan qərarlaşıb.
“Henley & Partners” Pasport İndeksi dünya üzrə 200-dən artıq ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizadan azad olan ölkələrin sayına görə sıralayır.