Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC mikrokreditlərin verilməsi üzrə pilot layihə hazırlayıb.
Pilot layihəni Azərbaycanın rayonlarının birində reallaşdırmaq planlaşdırılır. Kreditləşməyə “Azərpoçt”un daxili resurslarından təqribən 2 milyon manat ayrılması nəzərdə tutulub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov daha əvvəl bildirmişdi ki, layihəni kreditlərə tələbatın nisbətən daha çox olduğu və onların qaytarılması üzrə risklərin olmadığı bir neçə rayonda reallaşdırmaq planlaşdırılır.
İlkin mərhələdə kreditlər biznes və kənd təsərrüfatının inkişafına ayrılacaq.
Nazirin sözlərinə görə, poçt operatorunun kreditləşmə sahəsində tam xidmət göstərməsinə icazə yaxın vaxtlarda alınacaq.
Mikrokreditləşmə xidmətinin işə salınması xüsusi qaydalar üzrə və Azərbaycan Mərkəzi Bankının xüsusi nəzarəti altında həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan poçtu hazırda debet kartlar buraxır.