Azərbaycandan Polşaya müxtəlif sənaye məhsullarının ixracı nəzərdə tutulur.
Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentlinin (AZPROMO) sədri Yusif Abdullayev deyib.
O, Azərbaycanın Polşaya ixracının artdığını vurğulayıb:
“Azərbaycan-Polşa münasibətləri yaxşı xətlə inkişaf edir. 2021-ci ildə Polşa ilə ticarət dövriyəmiz 100 milyon ABŞ dollarından artıq olub. 2022-ci ildə də artımları görürük. Düzdür, Polşadan Azərbaycana idxal daha çoxdur. Amma Azərbaycandan Polşaya da ixracımız artıb. Bu baxımdan Varşavadakı Azərbaycan Ticarət Evinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bu ticarət evi 2018-ci ilin sonunda açılıb və onun fəaliyyəti nəticəsində Polşada Azərbaycana məxsus kənd təsərrüfatı məhsulları, alkoqollu içkilər, meyvə şirələri və digər məhsullar təqdim edilir. Hazırda yeni bir istiqamət olaraq sənaye məhusllarının ixracı müzakirə edilir”.
Y. Abdullayev bildirib ki, Azərbaycan həm ticarət evləri, həm biznes-forum vasitəsilə Polşa ilə ticarət dövriyəsini artırmaq istəyir. O hesab edir ki, Polşa nümayəndələri ilə keçirilən bu ikitərəfli görüşlər konkret nəticələr verəcək.
“Polşanın müvafiq qurumları tərəfindən müəyyən maliyyə mexanizmləri və maliyyə dəstəklərindən istifadə təklif edilir. Bu dəstəklərdən istifadə etməklə həm Polşa şirkətlərinin Azərbaycanda imkanları genişləndiriləcək, həm də bizim məhsulların Polşaya ixracı arta bilər”, – AZPROMO-nun rəhbəri əlavə edib.