“Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışında deyib.
Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır.
Mən deyəndə ki, Serjik hərbi cinayətkardır, bunu təkcə mən demirəm, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır. Xain deyirəm, bu, təhqir deyil. O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Köçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür.