“Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə buraxılan istiqrazların tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.
Banker.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, “Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə mərhələlərlə ümumi həcminin yuxarı həddi 10,0 (on) milyard manat məbləğədək olan istiqrazların buraxılışı həyata keçirilir.
İstiqrazlar 30 il müddətinə, gəlirliliyi 0,15 illik faiz dərəcəsi ilə buraxılır. İstiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq istiqrazlar üzrə əsas borc ödənişinə 5 illik güzəşt dövrü tətbiq edilir. 5 illik güzəşt dövrü bitdiyi gündən başlayaraq əsas borc üzrə ödənişlər hər növbəti ilin dekabr ayının sonunadək ödənilmək şərtilə 25 il ərzində bərabər hissələrlə həyata keçirilir. İstiqrazlar üzrə faiz ödənişlərinə güzəşt tətbiq edilmir və bu ödənişlər istiqrazlara mülkiyyət hüququ əldə edildiyi gündən başlayaraq hər ilin dekabr ayının sonunadək 30 il ərzində həyata keçirilir.