28 C
Baku
Wednesday, June 26, 2024

Azərbaycan qanunvericiliyinə velosiped yolu və kiçik elektrik nəqliyyat vasitəsi anlayışları daxil edilir

Azərbaycan qanunvericiliyinə velosiped yolu və kiçik elektrik nəqliyyat vasitəsi anlayışları daxil edilir.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda velosiped zolağı, velosiped cığırı və bu anlayışların hər ikisini ehtiva edən velosiped yolu anlayışı veriləcək.

Bundan başqa, kiçik elektrik nəqliyyat vasitəsi və kiçik elektrik nəqliyyat vasitələrinin operatoru anlayışları da verilir.

Velosiped zolağı – yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.

Velosiped cığırı – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır.

Velosiped yolu – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır.

Kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir:

– təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

– oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

– oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

– sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

– xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

Kiçik elektrik nəqliyyat vasitələrinin operatoru  kiçik elektrik nəqliyyat vasitəsini icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkardır.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər