Azərbaycanda hər on nəfərdən biri məcburi köçkün vəziyyətində yaşayır.
Bunu 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bildirib.
O deyib ki, 30 il əvvəl evlərindən didərgin salınan şəxslərin bütün yaşayış məkanları yerlə-yeksan edilib: “İşğaldan azad edilən Qarabağın bərpası işlərinə milyardlarla dollar həcmində sərmayə qoyulub. Bu, bir ölkə üçün çox böyük məbləğdir”.
A.Hacıyev vurğulayıb ki, qaçqın və köçkünlərin problemi tək bir ölkənin problemi deyil, bu, qlobal məsələdir.
Qeyd edək ki, “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzulu panelə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, millət vəkili, keçmiş vitse-prezident Fuad Oktay rəhbərlik edib.