6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan, Qazaxıstan və Kanadanın aparıcı banklarına fişinq hücumu başlanıb

Azərbaycanın aparıcı bankı – “Kapital Bank” ASC-yə qarşı fişinq hücumu başlanıb. 

Report agentliyi xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, “Facebook” sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılıb. Bu səhifədə “Kapital Bank”ın “BirKart” taksit kartının korporativ stilində, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedir və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Reklam kampaniyasının üzərinə klik etdikdə “birbankaz.com” saytına keçid var. 

Adıçəkilən saytın məzmununda isə “BirBank”ın elektron xidməti olan “İnternet-bank”a oxşar, məzmun daxilində “İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulmuş müvafiq sahələr yerləşdirilib. Güman edilir ki, hakerlər Qazaxıstanda HALYK BANK, Kanadada “Scotiabank” və Azərbaycanda “Kapital Bank”ı hədəfə almış fişinq hücumları həyata keçirməkdədir. Bunun üçün istifadə olunan sayt KİMM-in yaratdığı “Qara siyahı”ya (https://blacklist.gov.az/) əlavə edilib. 

KİMM Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırır, bu kimi şübhəli məzmunlu internet informasiya resurslarını aşkar etdikdə, quruma müraciət etmələrini xahiş edir.

Son xəbərlər
Digər xəbərlər