Azərbaycan buğda idxalında uzun illər əsas alıcısı olduğu Rusiyadan həcmləri kəskin endirib və onu Qazaxıstanla əvəzləyib.
Banker.az xəbər verir ki, Azərbaycan 2025-ci ilin ilk 5 ayında 509.23 min tonluq yumşaq buğdanın 88 faizini Qazaxıstandan idxal edib. Bu idxalın həcmi 449.39 min tondur. Buğdanın idxal dəyəri $95.47 mln. təşkil edir. Halbuki, keçən il Mərkəzi Asiya ölkəsindən buğda idxalı həyata keçməmişdi.
İndiyə qədər Azərbaycan bu məhsulun böyük hissəsi Rusiyadan alırdı. Cari ilin martından sonra bu ölkədən idxalın həcmi demək olar ki dayanıb. Keçən ilin ilk beş ayında Rusiyadan gətirilən buğdanın həcmi 328.54 min tondan 2025-ci ilin eyni dövründə 59.84 min tona düşüb. Bu illik müqayisədə 82 faiz azalmadır.
Rusiyanın ümumilikdə buğda ixracındakı azalma təkcə Azərbaycana deyil. 2025-ci ilin iyulunda Rusiyanın buğda ixracı 2-2.5 milyon ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən ilin analoji dövründəki 3.67 milyon tonla müqayisədə kəskin azalmadır və 2008-ci ildən bəri ən aşağı göstəricidir. Rusiya hökuməti buğda ixracının azalması fonunda aqrar ixracı artırmaq üçün təcili tədbirlər görməyə başlayıb.
Reuters 10 iyul yazısında isə bildirir ki, bu vəziyyət havaların gecikdirməsi səbəbilə yığım kampaniyasının ləng başlaması, aşağı ehtiyatlar və güclü rublun təsiri ilə fermerlərin satışları gecikdirməsi ilə izah olunur. Rublun güclənməsi (yanvar-aprel 2025) ixrac gəlirlərini zəiflədib, Rusiya buğdasını xarici bazarlarda bahalaşdırıb. Qara dəniz limanlarında artıq buğda qıtlığı yaşanır. Yükləmələrin gecikməsi səbəbilə bəzi göndərənlər limanlarda boş dayanan gəmilər üçün əlavə rüsumlar tələb etməyə başlayıb.
Prezident Putin 2030-cu ilə qədər ixracın 50% artırılmasını tapşırıb. Rəsmi proqnozlara görə, 2025-ci ildə buğda ixracı 45 milyon tona çata bilər.
Azərbaycan keçən il buğdanın bir tonu üçün orta xərc olaraq 221 dollar çəkirdisə, bu qiymətlər 212-216 dollar diapazonuna düşüb.
Qeyd edək ki, bu məhsulun istehsalı daxildə də aşağı olub. 2024-cü ildə Azərbaycanda buğda istehsalı əvvəlki illə müqayisədə azalma göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 546,3 min hektar sahədən 1 milyon 685 min ton buğda yığılıb. Bu, 2023-cü illə müqayisədə əkilən sahənin 0,6% artmasına baxmayaraq, yığımın həcminin 8% azaldığını göstərir. Nəticədə məhsuldarlıq 33,8 sentnerdən 30,9 sentnerə düşüb .