Azərbaycan Qazaxıstandan xam neft alışlarını 2025-ci ilin ilk on ayında 105.42 min tona yüksəldib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 205 faiz artım deməkdir. İdxal edilən xam neftin dəyəri isə 58.02 mln. dollar olmaqla illik 154 faiz artım edib. Ötən il Qazaxıstandan 34.59 min ton və ya 22.83 mln. dollar həcmində xam neft alınmışdı.
Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə təxminən 1,5 milyon ton təşkil edəcək.
Ölkənin energetika naziri Erlan Akkenjenov bildirib ki, təsdiq edilmiş plandan kənara çıxma olmayacaq və 2026-cı il üçün də plan 1,5 milyon ton neft həcmini əhatə edir. Perspektivdə “KazMunayQaz” və SOCAR arasında razılaşmalar ildə 2,2 milyon tona qədər tədarükü nəzərdə tutur.
Qeyd edək ki, Qazaxıstandan idxalın artması bu ölkənin neft ixracını Rusiya marşrutlarından diversifikasiya etmək strategiyasının tərkib hissəsidir. Hazırda iki ölkə arasında Bakı-Supsa boru kəməri vasitəsilə illik 3 milyon tona qədər neftin nəqli ilə bağlı danışıqlar gedir. Kəmər Səngəçal terminalından başlayaraq Gürcüstanın Supsa limanına qədər uzanır və ildə təxminən 5 milyon ton neft nəql etmək gücünə malikdir.








