Albaniyanın cənubundakı Fier bölgəsində Trans-Adriatik Boru Kəmərinin (TAP) Azərbaycan qazının ölkəyə nəqli üçün nəzərdə tutulmuş yeni çıxış nöqtəsi (“Fier South layihəsi”) 2026-cı il oktyabrın 1-nə qədər hazır olacaq.
Banker.az xəbər verir ki, bunu “TAP AG”nin idarəedici direktoru Luka Skieppati (Luca Schieppati) bildirib.
Onun sözlərinə görə, TAP-ın genişləndirilməsinin birinci fazası çərçivəsində qeyd olunan tarixdən etibarən Yunanıstanın DESFA sistemindən Albaniyaya qazın ötürülməsi üçün ildə təxminən 0,16 milyard kubmetr əlavə uzunmüddətli nəql gücü də əlçatan olacaq:
“TAP-ın genişləndirilməsi proqramının birinci mərhələsi (1,2 milyard kubmetr qaz) artıq başa çatıb. Kipoi və İtaliya arasında ildə təxminən 1,04 milyard kubmetr həcmində uzunmüddətli nəql gücü 1 yanvar 2026-cı ildən etibarən istifadəyə verilib. Bundan başqa, qazın DESFA sistemindən daxil olması və 2026-cı il oktyabrın 1-dək istismara veriləcək Albaniyadakı yeni nöqtədən çıxış üçün (Fiyeri şəhərindəki “Fier South” layihəsi – red) illik 0,16 milyard kubmetr qaz ayrılıb. Söhbət sistem daxilindəki nəql gücündən gedir. Faktiki qaz tədarükü aşağı axın infrastrukturunun hazırlıq səviyyəsindən və yükgöndərənlərin nominasiyalarından asılı olacaq”.







