7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan qazının Cənub-Şərqi Avropanın daha çox ölkəsinə çatdırılması üçün investisiyalar qoyulacaq

Azərbaycan qazının Mərkəzi və Cənub-Şərqi Avropanın daha çox ölkəsinə çatdırılması üçün investisiyalar yatırılacaq.

Bunu bu gün Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Ştaray Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində plenar sessiyada çıxışında deyib.

O qeyd edib ki, Macarıstan Cənub Qaz Dəhlizinin tikintisini hər zaman dəstəkləyib.

“Onun tutumunun artırılması təkcə Macarıstan, Mərkəzi və Şərqi Avropa üçün deyil, həm də Avropanın qalan hissəsi üçün vacibdir. Həmrəylik halqası sazişinin bir hissəsi olaraq Azərbaycan qazının Mərkəzi və Cənub-Şərqi Avropada daha çox ölkəyə çatdırılması üçün regional infrastruktura investisiyalar qoyulacaq. Türkiyənin qaz ehtiyatları regionumuzun qaz təchizatında getdikcə daha mühüm rol oynayacaq. Ümid edirik ki, Azərbaycan qazı gələcəkdə Qərbi Balkanlarda təbii qazın şaxələndirilməsinə mühüm töhfə verə biləcək”, – dövlət katibi əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin nümayəndələri ilə yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər