Cənub Qaz Dəhlizinin (SGC) qaz kəmərləri sisteminin bir hissəsində aparılan profilaktik işlərlə əlaqədar Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlər avqustun 12-dək qüvvədə olacaq.
Bu barədə TAP qaz kəmərinin operatoru olan “TAP AG” boru kəməri şirkətindən məlumat verilib.
“Trans Adriatic Pipeline AG” təsdiq edir ki, Cənub Qaz Dəhlizinin TAP-a qədər olan hissəsində avqustun 5-dən aparılan və həmin ayın 12-dək davam edəcək planlı təmir işləri ilə əlaqədar hazırda qaz kəmərində qaz axını məhdudlaşdırılıb”, – şirkətdən bildirilib.
Vurğulanıb ki, TAP sistemi və ötürmə qabiliyyəti tam olaraq əlçatan olsa da, qaz nəqli sistemində planlı təmir işləri Yunanıstan-Türkiyə sərhədindəki Kipoy birləşmə nöqtəsində TAP-a daxil olan qaz axınının azalmasına səbəb olub.
Daha əvvəl şirkətdən verilən məlumata görə, profilaktik işlərlə əlaqədar Trans-Adriatik qaz kəməri ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlərin avqustun 9-dək davam edəcəyi bildirilirdi.
Analoji məhdudiyyətlər 5-11 avqust tarixlərində Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqlinə də tətbiq olunacaq.