9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan qazının xaricə satışı 10%-dən çox artdı

2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda Azərbaycanda 16.2 milyard kubmetr təbii qaz hasil edilib.

Banker.az xəbər verir ki, Qazın 4.4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8.8 milyard kubmetri “Şahdəniz”dən 3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, yəni 411 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 8.4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Avropaya 3.9 milyard kubmetr, Türkiyəyə 3.4 milyard kubmetr, Gürcüstana isə 1.1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1.9 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2023-cü il tarixinədək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql edilib.

2023-cü ilin yanvar-aprel ayları üzrə ölkədə 10.2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 6.2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1.5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2.5 milyon ton təşkil edib.

4 ay ərzində 8.5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 7.6 milyon tondan bir qədər çox hissəsi konsorsiumun, 847 min tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2023-cü il tarixinədək 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 573 milyon ton neft, “Şahdəniz”dən isə 42 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 may 2023-cü il tarixinədək 612,8 milyon tonu ixraca nəql edilib.

2023-cü ilin yanvar-aprel ayları üzrə ölkədə neftin emalı 2,2 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 360 min ton çox olub.

QAZ AZE NEFT AZE

Son xəbərlər
Digər xəbərlər