12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna $80 mln. dəyərində layihələr təqdim edilib

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda ümumi dəyəri 80 milyon ABŞ dolları olan layihələr nəzərdən keçirilir.

Bu barədə fondun rəhbəri Almaz Mambetov bildirib.

“Hazırda bu layihələri nəzərdən keçiririk. Amma onların yenidən hazırlanması üçün geri göndərə, yaxud bəzilərindən imtina edə bilərik. Təqdim edilən layihələrin əksəriyyəti turizmin inkişafına yönəlib”, – o qeyd edib.

A.Mambetov qeyd edib ki, 1 milyon ABŞ dollarına qədər olan layihələr nəzərdən keçirilir və belə layihələrlə bağlı qərar idarə heyəti tərəfindən verilir: “1 milyon ABŞ dollarından yuxarı olan layihələrlə bağlı qərar isə direktorlar şurası tərəfindən verilir”.

Xatırladaq ki, 2022-ci il oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkekdə “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir, qərargahı Bişkekdə yerləşir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər