18 C
Baku
Friday, November 22, 2024

Azərbaycan qızıl alışını kəskin artırıb – SON 5 İLİN ƏN İRİ HƏCMİ!

Dünyada qızılın qiyməti ard-arda rekordlar vursa da, Azərbaycan 2024-cü ilin ilk yeddi ayında 13 ton 936.88 kiloqramlıq qızıl idxal edib və bu da 2019-cu ildən bu tərəfə ən böyük həcmdir.

Banker.az xəbər verir ki, ümumilikdə idxal edilmiş qızıla görə 1 milyard 48.05 mln. dollar üzərində valyuta ölkəni tərk edib.

Ümumilikdə Azərbaycanın ötən 12 ay üzrə bu qiymətli metal üzrə xərci 2 mln. dollardan az olmuşdu.

Sonuncu dəfə isə bu qədər iri həcmli idxal 2019-cu ildə qeydə alınıb. Həmin dövrdə ölkəyə 49 602.61 kq və ya 2 mlrd. 111.77 mln. dollarlıq qızıl idxal edilmişdi. Bunun da 41 718.3 kq-ı və ya 1 mlrd. 753.2 mln. dolları təkcə ilin ilk yarısının payına düşürdü.

Qızıl cari ildə geosiyasi risklər və eləcə də ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə başlaması ilə bağlı siqnallardan sonra kəskin dəyər qazanıb. Qızılın bir troy unsiyasının spot qiyməti 2024-cü ilin fevralında 2000 dollardan ucuz olduğu halda, mərkəzi bankların faiz endirimi elanından sonra cari ilin sentyabrına qədər 2 600 dolları ötüb. Bu, ümumilikdə ehtiyat limanı sayılan qızıl üçün 30 faizlik artım performansıdır.

FED, eləcə də digər İEÖ-lərin mərkəzi bankları faiz dərəcələrini azaldanda qızılın qiyməti adətən yüksəlir. Bunun əsas səbəbi faiz dərəcələrinin aşağı olması ilə bağlı investorların qızıl kimi alternativ aktivlərə üstünlük verməsidir. Faiz dərəcələri endikdə, əmanətlərdən və istiqrazlardan gələn gəlir azalır, bu da investisiya üçün daha təhlükəsiz və ənənəvi vasitələrə marağı azaldır. Yaxın Şərqdəki və Rusiya-Ukrayna arasındakı mövcud gərginliyin də də bu qiymətli alətə təsiri böyükdür. Nəticədə, investorlar qızıl kimi qiymətli metallara sərmayə qoymağa başlayır, çünki bu, riskdən qaçmaq üçün daha etibarlı bir variant kimi qəbul edilir.

Azərbaycan ilin ilk yarısına qədər 9 958.18 kiloqram və ya 747.83 dollarlıq qızıl almışdı. Göründüyü kimi, ölkə iyulda da əlavə 3 978.7 kq həcmində qızıl alıb.

Azərbaycan cari ilin ilk 7 ayında qızılın 7916 kq-ı Avstraliya, 3979 kq-ı ABŞ, 2023 kq-ı isə Kanadadan alıb.

Azərbaycanın 2024-cü ilin ilk 7 ayında xaricdən qızıl idxalı

Ölkə

Miqdarı, kq

Dəyəri, mln. $

  Avstraliya

 7,915.75

    595.80

  ABŞ

 3,978.71

    300.23

  Kanada

 2,023.23

    150.57

  Türkiyə

     19.20

       1.46

CƏMİ

13,936.88

 1,048.06

 

Qızıl alışını təkcə Azərbaycan həyata keçirmir. Məsələn, Hindistan təkcə avqustda 10.06 milyard dollar dəyərində qızıl idxal edib. Bu, tarixi rekorddur.

Azərbaycanda ən iri qızıl alıcısı ölkənin suveren fondu Dövlət Neft Fondudur. 2024-cü ilin I rübündə Fondun investisiya portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyalar təşkil etmişdi. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 75.6 milyon ABŞ dolları və ya 14.3% artırıb. Belə ki, cari ilin II rübündə Fondun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər